Ordu.az xəbər verir ki, bu barədə Fransanın Evian şəhərində keçiriləcək G7 sammiti ərəfəsində “Oxfam” təşkilatının yayımladığı yeni təhlildə bildirilib.
Hesabata görə, zənginləşmənin sürəti olduqca diqqətçəkəndir və bu artım hər an təxminən 1000 dollara bərabər gəlir deməkdir.
Ümumilikdə isə 2020-ci ildən etibarən dünyadakı milyarderlərin sərvəti 9,8 trilyon dollar artıb.
Eyni zamanda enerji daşıyıcıları və ərzaq məhsullarının qiymətlərinin kəskin yüksəlməsi bütün dünyada ailə büdcələrinə ciddi zərbə vurur.
Xüsusilə aşağı və orta gəlirli ölkələr daha ağır vəziyyətlə üzləşiblər. Həmin ölkələr artıq illərlə davam edən iqtisadi sarsıntılar, borc böhranları və iqlim fəlakətləri səbəbindən ciddi çətinliklər yaşayırdılar. Bu fonda dünyanın altı ən böyük neft korporasiyasının mənfəətinin müharibədən əvvəlki proqnozlarla müqayisədə 80 faiz və ya 68 milyard dollar artacağı gözlənilir.
2026-cı ilin yekunlarına görə həmin şirkətlərin ümumi mənfəəti 152 milyard dollara çata bilər ki, bu da gündəlik 416 milyon dollara bərabərdir. Yüksək mənfəət digər sahələrə də yayılıb. Dünyanın üç ən böyük gübrə istehsalçısı müharibədən əvvəlki qiymətləndirmələrlə müqayisədə mənfəətlərinin 23 faiz və ya 928 milyon dollar artacağını gözləyir.
Orta hesabla G7 ölkələrində yerləşən iri korporasiyaların ümumi mənfəəti müharibədən əvvəlki proqnozları 413 milyon dollar üstələyəcək. “Oxfam International”ın icraçı direktoru Amitabh Behar bildirib ki, münaqişələr bütöv dövlətləri məhv edir və saysız-hesabsız insan həyatına son qoyur, lakin bəzi şəxslər üçün onlar son dərəcə gəlirli olur.
Onun sözlərinə görə, mövcud sistem sərvəti aşağı təbəqələrdən yuxarı təbəqələrə, işçilərdən səhmdarlara, ən kasıblardan ən varlılara ötürür. “Adi ailələr gündəlik qidalarından imtina etməyə məcbur olduqları, hökumətlər isə həyati əhəmiyyət daşıyan yardım proqramlarını azaltdıqları bir vaxtda biz milyarderlərin eybəcər sərvət bayramının şahidi oluruq”, - deyə Behar vurğulayıb.
“Oxfam” ekspertləri qeyd edirlər ki, ABŞ istisna olmaqla G6 ölkələrinin, yəni Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və Böyük Britaniyanın liderləri Vaşinqtonun siyasətini öz passivliklərinə bəraət kimi göstərməyi dayandırmalıdırlar.
Onların fikrincə, həmin ölkələr böyük maliyyə və diplomatik imkanlara malik olsalar da, bunlardan istifadə etmirlər.
2024-2025-ci illərdə G7 ölkələri İnkişafa Rəsmi Yardım proqramları çərçivəsində dünyanın ən kasıb ölkələrinə ayrılan vəsaiti 48 milyard dollar azaldıblar. Bu məbləğ G7 milyarderlərinin eyni dövrdə cəmi doqquz gün ərzində topladığı sərvətə bərabərdir.
Təşkilatın məlumatına görə, Fransa sonuncu dəfə G7-yə sədrlik etdiyi vaxtdan etibarən dünyada hər dəqiqə 44 nəfər humanitar böhranın qurbanına çevrilib. Hesabatda bildirilir ki, çoxtərəfli diplomatiya prinsipləri sistemli şəkildə zəiflədilir.
Nümunə olaraq Konqo Demokratik Respublikasında Ebola böhranı və Qəzza zolağında davam edən hadisələr göstərilir. “Oxfam” qeyd edir ki, G7 ölkələrindən heç biri İsrailə silah embarqosu tətbiq etməyib və silah tədarükünü dayandırmayıb.
Amitabh Behar bildirib ki, Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampın sammitdə iştirakını təmin etmək üçün iqlim böhranı, dərinləşən bərabərsizlik və qlobal problemlərə birgə cavab verilməsi kimi mövzuları gündəlikdən çıxarmağa razılaşıb.
Onun sözlərinə görə, Vaşinqtona uyğunlaşmaq məqsədilə rəsmi proqramdan hətta “gender” və “iqlim” kimi anlayışlar da çıxarılıb.
“G6 liderləri səlahiyyətlərinin olmaması ilə özlərinə bəraət qazandıra bilməzlər. Onlar borcları silə, korporasiyaların gözlənilməz yüksək mənfəətlərini və nəhəng sərvətləri vergiyə cəlb edə, həmçinin ən kasıb ölkələrə birbaşa yardım göstərə bilərlər”, - deyə Behar əlavə edib.
“Oxfam” G7 liderlərinə dörd əsas çağırış edib. Təşkilat qlobal bərabərsizliyin azaldılması üçün korporasiyaların yüksək mənfəətlərinə və multimilyarderlərin aktivlərinə əlavə vergilər tətbiq edilməsini tələb edir. Bundan başqa, aşağı və orta gəlirli ölkələrin borclarının dondurulması və ləğv olunması, humanitar yardım həcmlərinin artırılması və Beynəlxalq Valyuta Fondu vasitəsilə inkişaf etməkdə olan ölkələrə əlavə likvidlik təmin edilməsi təklif olunur.
Təşkilat hesab edir ki, bu addımlar inkişaf etməkdə olan ölkələrin borc yükünü artırmadan onların iqtisadi dayanıqlığını gücləndirə bilər.
Sevinc Əliyeva
Ordu.az