Orban: "Aİ üzrə Ukrayna ilə danışıqlar onun milli azlıqlarla bağlı öhdəliklərini yerinə yetirməsindən asılıdır"

2026/06/1781518656.jpg
Oxunub: 138     14:06     15 İyun 2026    
Macarıstan Avropa İttifaqında (Aİ) yenidən öz yerini tutur və birliyin fəal iştirakçısı olaraq qalmaqla milli maraqlarını qoruyacaq.

Ordu.az "Report"a istinadən xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Anita Orban Lüksemburqda Aİ-nin Xarici İşlər Şurasının iclasından əvvəl jurnalistlərə açıqlamasında bildirib.

"Macarıstan yenidən özünü bir Avropa ölkəsi kimi aparır, milli maraqlarını qoruyur, onları həmişə diqqət mərkəzində saxlayır, lakin bunu ittifaq daxilində edir", - Orban bildirib.

O, həmçinin xatırladıb ki, bir neçə həftəlik intensiv danışıqlardan sonra Budapeşt və Kiyev Zakarpatyedəki macar azlığının hüquqlarına dair ikitərəfli razılaşma əldə ediblər. Bu, Zakarpatye macar icmasının ilk növbədə təhsil, dövlət idarəçiliyi, mədəniyyət və rəmzlərdən istifadə sahələrində hüquqlarını təsbit edir.

Orban vurğulayıb ki, bu razılaşmalar Aİ və Ukraynanın milli azlıqlar üzrə birgə fəaliyyət planına daxil edilib, bu da onların reallaşdırılmasını Kiyevin Avropa İttifaqına üzvlük yolunda irəliləməsi ilə əlaqələndirir.

"Əgər Ukrayna bu razılaşmanı yerinə yetirməsə, birinci klaster üzrə danışıqlar prosesi avtomatik olaraq dayandırılacaq", - o bildirib.

Kiyevlə Avropaya inteqrasiya üzrə danışıqların irəliləyişinin mümkün alternativ mexanizmləri ilə bağlı sualı cavablandıran nazir bildirib ki, Budapeşt yalnız mövcud proseduru dəstəkləyir.

"Biz mövcud genişlənmə metodologiyası çərçivəsində, nailiyyətlər və islahatlar əsasında üzvlüyün tərəfdarıyıq", - o qeyd edib.

Orban, həmçinin Monteneqro və Moldova ilə üzvlük danışıqlarının irəliləməsini alqışlayaraq, Aİ-nin Qərbi Balkanlara doğru genişlənməsini icma üçün vacib strateji istiqamət adlandırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Orban   Macarıstan    


Bizi "telegram"da izləyin