480 hərbçinin səsi siyasi oyuna qurban getdi: Ermənistanda ordunun seçki faciəsi

2026/06/1781326177.jpg
Oxunub: 238     16:47     15 İyun 2026    
“9 iyun tarixli “Paşinyan inqilabi vədini pozdu: Silahlı Qüvvələr siyasi amil olmamalıdır. Seçki proseslərindən sonra” başlıqlı məqaləmizdə ordunun son parlament seçkilərində iştirakını siyasi amil kimi və seçki günü saat 20:00-dan sonra əsgərlərin seçki məntəqələrinə aparılma epizodlarını da qeyd etmişdik”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Ordunun əsas vəzifəsi təhlükəsizliyin təmin edilməsidir, o, siyasi “ehtiyacların və tələblərin” ödənilməsi vasitəsi kimi qiymətləndirilə bilməz” başlıqlı məqaləsində yazıb.

Müəllif xatırladır ki, iyunun 7-də keçirilən parlament seçkiləri zamanı bəzi seçki məntəqələrində hərbçilərin saat 20:00-dan sonra səsverməyə cəlb olunduğunu əks etdirən görüntülər yayılmışdı. Həmin vaxt Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Vahaqn Hovakimyan bunun qanun pozuntusu olmadığını bildirmişdi.

“Əsgərlər saat 20:00-dan əvvəl seçki məntəqəsinin qarşısında növbədə olublar. Qarşıda iki seçim var idi: ya qapını bağlayıb onların səsvermə hüququndan istifadə etməsinə imkan verməmək, ya da içəri buraxmaq”, - deyə Hovakimyan jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hərbçilər uzun müddət növbədə gözlədiklərinə görə məntəqəyə daxil ola bilməyiblər və belə vəziyyət cəmi iki seçki məntəqəsində qeydə alınıb.

Məqalədə qeyd olunur ki, iyunun 9-da Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Edvard Asryan da hərbçilərin qanunvericiliyin tələblərinə uyğun səs verdiyini bəyan edib. “Fərq etməz hərbçidir, yoxsa mülki vətəndaş, əgər seçki məntəqəsinin ərazisindədirsə, ona konstitusion hüququndan istifadə etməyə icazə verilir”, - deyə Asryan vurğulayıb.

Ermənistan Baş Qərargah rəisi əlavə edib ki, heç bir hərbçi seçki məntəqəsinə gec gəlməyib. “Bizim hərbçilərimiz müəyyən olunmuş vaxtda seçki məntəqəsinin ərazisində olublar. Heç bir hərbçi gecikməyib”, - deyə Asryan bildirib.

Məqalədə daha sonra iyunun 11-də Ermənistan Mərkəzi Seçki Komissiyasının növbədənkənar iclas keçirərək Zəngəzurun Ağarak şəhərində yerləşən 35/65 və Nubarəşəndə yerləşən 10/51 saylı seçki məntəqələrinin nəticələrini etibarsız hesab etməsinə diqqət çəkilir.

Komissiyanın qərarına əsasən, həmin məntəqələrdə qeydə alınmış bütün nəticələr sıfırlanıb, yalnız uyğunsuzluqların həcmi kimi iştirakçıların sayı göstərilib və materiallar prokurorluğa göndərilib.

Məqalədə hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Vahaqn Aleksanyanın sosial şəbəkədə paylaşdığı fikirlərə də yer verilib. “Əsgərlərin səsverməsi ilə bağlı müxalifətin yaratdığı isteriya nəticəsində iki məntəqənin nəticələri ləğv edilir. Həmin məntəqələrdə “Vətəndaş Müqaviləsi” ümumilikdə 1224 səs toplamışdı”, - deyə Aleksanyan yazıb.

O qeyd edib ki, müxalifət bundan sonra “ordu” və ya “əsgər” sözünü işlədərkən, növbədən qayıdaraq səs verən hərbçilərin səslərinin etibarsız sayılmasına səbəb olduqlarını xatırlamalıdır.

“Hakimiyyət nümayəndələri sonradan müxalif qüvvələrin hərbçilərin səsverməsi ilə bağlı paylaşdıqları materialları da yaymağa başlayıblar. Bununla yanaşı, müxalifət baş verənlərin “Çiçəklənən Ermənistan” Partiyasının səslərinin əlindən alınaraq partiyanın parlamentdən kənarda saxlanılması məqsədi daşıdığını iddia edir.

Burada əsas məsələ bu deyil. Əsas məsələ odur ki, hakimiyyət cəmi bir neçə gün ərzində əvvəllər qanuni hesab etdiyi prosesi sonradan etibarsız elan edə bilir”, - deyə məqalədə bildirilir.

Müəllif xatırladır ki, videolar yayılanda və “Akanates” müşahidə missiyası saat 20:00-dan sonra təxminən 480 hərbçinin səs verməsinə icazə verildiyini açıqlayanda hakimiyyət heç bir qanun pozuntusunun olmadığını bildirirdi.

“Bir neçə gün sonra isə həmin məntəqələrdə hərbçilərin səsləri də daxil olmaqla nəticələr etibarsız sayılır və bunun məsuliyyəti müxalifətin üzərinə qoyulur”, - deyə məqalədə qeyd olunur.

Müəllif hesab edir ki, əgər hər şey qanuni idisə və hərbçilərin gec daxil olması obyektiv səbəblərlə bağlı idisə, onların səslərinin etibarsız hesab edilməsi ordunun yenidən siyasi proseslərə cəlb olunması deməkdir.

“Ordunun nüfuzu məsələsi ortada olduğu halda müxalifətin narazılığını nəzərə alaraq belə addım atılması əsaslandırılmış görünmür. Qısa müddət ərzində ikinci dəfə orduya qarşı hörmətsiz münasibətin şahidi oluruq”, - deyə müəllif yazıb.

Məqalədə həmçinin sual olunur ki, əgər belə qərar qəbul olunacaqdısa, niyə bu addım dərhal atılmayıb və niyə məsul şəxslər cavabdeh tutulmayıb?

Müəllif Zoddakı seçki məntəqələrindən birində də hərbçilərlə bağlı qalmaqallı vəziyyət yaşandığını, lakin bununla bağlı hər hansı qərarın qəbul edilmədiyini qeyd edib.

“35/65 və 10/51 saylı məntəqələrdə yenidən səsvermə keçiriləcəyi təqdirdə hərbçilər bir daha xidmət yerlərindən ayrılaraq səsverməyə cəlb olunacaqlar. Müxtəlif siyasi qüvvələrin ordu və əsgər mövzusunda danışmaq hüququ ayrıca müzakirə predmeti ola bilər, lakin hakimiyyətin özü artıq çoxdan bu sahədə mənəvi üstünlüyünü itirib.

Ordu və əsgər ilk növbədə ölkənin təhlükəsizliyinin təmin edilməsində mühüm amil kimi qiymətləndirilməlidir. Onlar xırda siyasi oyunların iştirakçısına çevrilməməlidirlər, hətta bu addımların müxalifətin narazılığını azaltmaq məqsədi daşıdığı iddia olunsa belə”, - deyə məqalədə yekun olaraq qeyd olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Ordu  


Bizi "telegram"da izləyin