Makron rüsum təhdidlərinə görə Trampla sərt danışıq aparacağına söz verib

2026/06/1780327972.jpg
Oxunub: 200     16:28     15 İyun 2026    
Fransa Prezidenti Emmanuel Makron ticarət rüsumlarının tətbiqi təhdidləri fonunda ABŞ Prezidenti Donald Trampla "hörmət çərçivəsində, lakin sərt" danışıq aparmaq niyyətində olduğunu bildirib.

Ordu.az "The Guardian" nəşrinə istinadən xəbər verir ki, o, bunu G7 sammiti başlamazdan əvvəl TF1 telekanalına müsahibəsində deyib.

Makronun sözlərinə görə, söhbət Fransada rəqəmsal sahənin tənzimlənməsinə cavab olaraq ABŞ-nin Fransa şərabına 100 % rüsum tətbiq etməsi ilə bağlı ehtimal olunan qərardan gedir.

"Tariflər heç kimə fayda gətirmir, xüsusən də G7 ölkələri arasındakı tariflər", - Fransa prezidenti deyib.

Makron həmçinin qeyd edib ki, avropalı müttəfiqlər regionda birgə missiya imkanının nəzərdən keçirilməsi də daxil olmaqla, İranın Hörmüz boğazından gəmilərin keçidi üçün yığımlar tətbiq etməsinin qarşısını almaq üçün bütün mümkün tədbirləri görmək niyyətindədirlər.

Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp, Paris ABŞ texnologiya şirkətlərinə münasibətdə rəqəmsal vergidən imtina etməyəcəyi təqdirdə, Fransa şərabı və şampanına qarşı 100 % rüsumlar tətbiq etməyə hazır olduğunu bildirmişdi.

"Mən Fransa Prezidenti Emmanuel Makrondan ABŞ şirkətlərindən vergi tutmamağı xahiş etdim. Əgər onlar bunu edəcəklərsə, mənim Fransadan gələn bütün şampanlara, bütün şərablara 100 % rüsum tətbiq etməkdən başqa seçimim qalmayacaq", - Ağ Evin rəhbəri "The New York Post" nəşrinə bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Makron   Tramp  


Bizi "telegram"da izləyin