İranlı general: “Ölkəmizin sərhədlərində təhlükəsizlik səviyyəsi yüksəkdir”

2026/06/1781432804.jpg
Oxunub: 280     14:24     14 İyun 2026    
İran Sərhəd Xidmətinin komandanlığı ölkə sərhədlərində təhlükəsizlik səviyyəsinin yüksək olduğunu və bölmələrin, xüsusilə qərb istiqamətində, əməliyyat tapşırıqlarını yerinə yetirməyə tam hazır vəziyyətdə olduğunu açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Bəyanatı Sərhəd Xidmətinin komandanı, briqada generalı Əli Əkbər Cavidan Kirmanşah vilayətinin sərhədyanı rayonlarına yoxlama səfəri zamanı verib.

Onun sözlərinə görə, sərhəd qüvvələri tam hazırlıq rejimində fəaliyyət göstərir və öz işlərini silahlı qüvvələrin digər bölmələri ilə koordinasiyalı şəkildə həyata keçirirlər.

“İran Sərhəd Xidməti, xüsusilə ölkənin qərb sərhədlərində tam əməliyyat hazırlığı vəziyyətindədir”, - deyə Cavidan bildirib.

O əlavə edib ki, ordu və İslam İnqilabı Keşikçiləri Korpusu ilə əməkdaşlıq çərçivəsində mümkün olan ən yüksək təhlükəsizlik səviyyəsi təmin edilir.

General sərhədyanı rayonlarda yaşayan əhalinin rolunu da qeyd edərək onu sabitliyin qorunmasında mühüm amil adlandırıb.

Komandan vurğulayıb ki, təhlükəsizliyi pozmağa yönəlmiş istənilən cəhdin qarşısı alınacaq.

“Sərhədçilər sərhədyanı bölgələrdə tam ayıqlıq vəziyyətindədirlər və terror qruplarının və ya təhlükəsizliyi pozmağa çalışan elementlərin hər hansı fəaliyyəti qətiyyətli və çəkindirici cavabla qarşılanacaq”, - deyə o bildirib.

Cavidanın sözlərinə görə, ticarət fəaliyyəti və sərhəd terminallarının işi qanunvericiliyə uyğun şəkildə davam edir. Bununla yanaşı, qaçaqmalçılıq və malların qanunsuz daşınmasına qarşı mübarizə aparılır.

O həmçinin qeyd edib ki, qonşu ölkələrlə, o cümlədən İraqla əməkdaşlıq müsbət istiqamətdə inkişaf edir və məlumat mübadiləsi ilə təhlükəsizlik sahəsində koordinasiyanı əhatə edir.

İranlı general əlavə edib ki, sərhəd xidmətləri qarşıdan gələn Ərbəin dini ziyarətinə hazırlaşır və Xosrəvi keçid məntəqəsi də daxil olmaqla bütün keçidlərdə təhlükəsizlik və keçid rejiminin təmin olunması istiqamətində tədbirlər görülür.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   General  


Bizi "telegram"da izləyin