ABŞ HHQ-nin ilk iki pilotu T-7A “Red Hawk” üzrə sertifikat alıb

2026/06/Ekran-1781192281.jpg
Oxunub: 247     19:40     11 İyun 2026    
ABŞ Hərbi Hava Qüvvələri T-7A “Red Hawk” təlim təyyarəsi üzrə ilk iki pilotun hazırlığını başa çatdırıb. Bununla da yeni nəsil təlim platformasında digər pilotların hazırlanması üçün vacib mərhələ tamamlanıb.

Ordu.az xəbər verir ki, 99-cu Uçuş Təlim Eskadrilyasının komandiri polkovnik-leytenant Maykl Trott və əməliyyatlar direktoru leytenant Filip Burkuin T-7A “Red Hawk” üzrə ixtisas alan ilk ABŞ Hərbi Hava Qüvvələri pilotları olublar.

ABŞ Hərbi Hava Qüvvələrinin açıqlamasına görə, onların hazırlıq prosesi əsasən “Type-1” uçuşları üzərində qurulub. Bu uçuşlar T-7A proqramı çərçivəsində ilk təlimatçı heyətinin hazırlanmasının əsasını təşkil edir.

Bildirilib ki, Trott və Burkuinin sertifikat alması 99-cu Uçuş Təlim Eskadrilyasını ilkin əməliyyat hazırlığı səviyyəsinə və eskadrilyanın tam fəaliyyətə başlamasına daha da yaxınlaşdırıb.

Maykl Trott qeyd edib ki, bu hadisə ABŞ Hərbi Hava Qüvvələrində ilk T-7A eskadrilyasının formalaşdırılması baxımından mühüm mərhələdir. Onun sözlərinə görə, artıq eskadrilya “Boeing” və ya sınaq pilotlarının iştirakı olmadan müstəqil şəkildə uçuşlar həyata keçirə biləcək və gələcəkdə yeni pilotların hazırlanmasına rəhbərlik edəcək təlimatçı heyəti formalaşdıracaq.

Məlumata görə, “Type-1” uçuşları yeni platformada əsas bacarıqların mənimsənilməsinə yönəlib. Buraya qalxma və enmə prosedurları, marşrut üzrə naviqasiya, cihazlar üzrə yanaşma və sistemlərlə tanışlıq daxildir.

ABŞ Hərbi Hava Qüvvələri vurğulayıb ki, bu proses ilk nəsil təlimatçıların təyyarənin xüsusiyyətlərini və imkanlarını dərindən mənimsəməsini təmin edir.

Qeyd olunub ki, Trott və Burkuin gələcəkdə digər pilotlara təlim keçməzdən əvvəl əlavə hazırlıq uçuşları da həyata keçirəcəklər.

Hazırda ABŞ Hərbi Hava Qüvvələri köhnəlmiş T-38C “Talon” təlim təyyarələrini mərhələli şəkildə T-7A “Red Hawk” ilə əvəz etməyə başlayıb. İlk T-7A təyyarələri ötən ilin dekabrında Texas ştatındakı “San Antonio-Randolf” aviabazasına çatdırılıb.

Mövcud plana əsasən, T-7A “Red Hawk” təyyarələrinin 2027-ci ilin avqustunda ilkin əməliyyat hazırlığına çatması, ümumilikdə 351 təyyarənin isə 2035-ci ilədək ABŞ-nin beş əsas təlim bazasına təhvil verilməsi nəzərdə tutulur.

T-7A “Red Hawk” adı İkinci Dünya müharibəsində xidmət etmiş məşhur “Tuskegee Airmen” pilotlarının xatirəsinə seçilib. Təyyarənin bütün seriya nümunələrində həmin pilotların istifadə etdiyi məşhur “Qırmızı quyruq” nişanı əks olunacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   HHQ   T-7A   Red-Hawk  


Bizi "telegram"da izləyin