Ermənistan hakimiyyəti “Mehri” sərhəd-keçid məntəqəsinin açılışını bir neçə ay təxirə salıb

2026/06/1781184035.jpg
Oxunub: 246     17:20     11 İyun 2026    
Ermənistan-İran sərhədində yerləşən yeni “Mehri” sərhəd-keçid məntəqəsinin açılışı 2027-ci ilin əvvəlinə qədər təxirə salınıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Dövlət Gəlirləri Komitəsinin sədri Eduard Hakopyan iyunun 11-də parlament komitələrinin birgə iclasında, 2025-ci il dövlət büdcəsinin icrası ilə bağlı illik hesabatın müzakirəsi zamanı bildirib.

Daha əvvəl məntəqənin 2026-cı ilin dekabrında istifadəyə verilə biləcəyi açıqlanmışdı.

Hakopyanın sözlərinə görə, ilin sonuna qədər tikinti işlərinin 70-80 faizi tamamlanmış olacaq.

O, Ermənistan-Gürcüstan sərhədində əsas yük dövriyyəsinin həyata keçirildiyi “Baqrataşen” sərhəd-keçid məntəqəsinin yenidən qurulması ilə bağlı işlərin artıq başladığını da qeyd edib.

“İstənilən şəxs sərhəddən keçərkən işlərin necə getdiyini görə bilər”, - deyə komitə sədri bildirib.

Onun sözlərinə görə, sonradan Dövlət Gəlirləri Komitəsində belə qənaətə gəlinib ki, məntəqənin yeni ərazisinə mövcud hissə də birləşdirilməli və o da yenidən qurulmalıdır.

Bu istiqamətdə işlər davam etdirilir.

Bundan başqa, Qarakilsə şəhəri yaxınlığında yeni beynəlxalq logistika mərkəzinin tikintisi məqsədilə layihələndirmə müsabiqəsi elan olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Mehri   Hakopyan  


Bizi "telegram"da izləyin