Ukrayna qüvvələri Xerson vilayəti ilə Krımı birləşdirən dörd körpünü vurub

2026/01/1769761816.jpg
Oxunub: 210     16:09     11 İyun 2026    
Ukrayna Silahlı Qüvvələri iyunun 11-nə keçən gecə Xerson vilayəti ilə Krımı birləşdirən dörd körpüyə zərbələr endirib.

Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın təyin etdiyi Xerson vilayətinin qondarma rəhbəri Vladimir Saldo məlumat verib.

Onun sözlərinə görə, ilkin məlumata əsasən, körpülərə müəyyən ziyan dəyib və hazırda mütəxəssislər onların texniki vəziyyətini qiymətləndirirlər.

Saldo bildirib ki, zərbələr Şimali Krım kanalı üzərində yerləşən Preobrajenka və Mirnoye yaşayış məntəqələri yaxınlığındakı körpülərə, Perekop-Armyansk istiqamətindəki avtomobil körpüsünə, eləcə də Stavki yaşayış məntəqəsi ərazisindəki körpüyə endirilib.

Onun məlumatına görə, gecə ərzində Rusiya hava hücumundan müdafiə sistemləri Xerson vilayətinin işğal altında olan hissəsinin üzərində Ukraynaya məxsus 45 Pilotsuz Uçuş Aparatını (PUA) vurub.

“Düşmən zərbələri regionun nəqliyyat infrastrukturuna yönəltməyə çalışır”, - deyə Saldo bildirib və əlavə edib ki, zədələnmiş körpülərdə hərəkətin nə vaxt bərpa olunacağı barədə məlumat daha sonra açıqlanacaq.

Bundan əvvəl Ukrayna qüvvələri Geniçeski Krımın Arabat dili ilə birləşdirən keçidə də zərbə endirmişdi. İyunun 9-da isə Ukrayna ordusu Çonqar körpüsünə hücum etmiş, bundan sonra həmin körpüdə hərəkət dayandırılmışdı. İki gün əvvəl də eyni körpü Ukrayna tərəfindən hədəfə alınmışdı.

May ayında Ukrayna Silahlı Qüvvələri işğal olunmuş ərazilərdə Rusiyanın logistika infrastrukturuna qarşı hücumları gücləndirib.

Ayın sonunda Ukrayna PUA-larının faktiki olaraq Rostovdan Mariupol və Melitopol üzərindən Krıma gedən R-280 “Novorossiya” federal avtomobil yoluna nəzarəti ələ keçirdiyi bildirilirdi.

OSINT analitiki Kleman Molinin hesablamalarına görə, may ayının dörd həftəsi ərzində həmin magistralda təxminən 125 yük avtomobili vurulub.

İyunun 1-də Ukrayna Prezidenti Vladimir Zelenski bəyan edib ki, Ukrayna Silahlı Qüvvələri artıq demək olar ki, bütün müvəqqəti işğal olunmuş ərazilərdə Rusiyanın hərbi logistikasına zərbələr endirmək imkanına malikdir.

Onun sözlərinə görə, bu vəziyyət ilk növbədə Krımda və digər işğal olunmuş bölgələrdə yanacaq qıtlığı ilə özünü göstərir.

Bu fonda Krımda yanacaq böhranı yaranıb. Rusiyanın təyin etdiyi yerli hakimiyyət orqanları benzin satışına məhdudiyyətlər tətbiq edib və bir nəfərə maksimum 20 litr yanacaq satılmasına icazə verib. Həmçinin talon sistemi tətbiq olunub.

Buna baxmayaraq vəziyyət pisləşməkdə davam edib və nəticədə iyunun 4-də Krımda nağd pulla benzinin sərbəst satışı tamamilə dayandırılıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Xerson  


Bizi "telegram"da izləyin