Ordu.az xəbər verir ki, Paşinyan çıxışında əvvəlcə “Kaluqa Samo” ləqəbli şəxslə bağlı istehzalı fikirlər səsləndirib.
“Mən bilirdim ki, Çində Böyük Çin Səddi var, Konfutsi var, kağız Çində icad olunub, barıt Çində icad olunub, ipək Çində yaranıb. Amma Çində hallüsinasiya yaradan göbələyin olduğunu ilk dəfə kaluqalı Samodan (“Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyanı nəzərdə tutur-red.) və onun ətrafından öyrəndim”, - deyə Ermənistan Baş naziri bildirib.
O qeyd edib ki, həmin şəxslər Çinə və ya başqa ölkələrə gedəndə ilk maraqlandıqları məsələ hallüsinasiya yaradan göbələklər olur.
“Hər kəs öz pozğunluq səviyyəsinə uyğun düşünür. Mən söz vermişdim və demişdim ki, sənə de-yure məhkəmədə göbələk yedirdəcəyəm və o göbələyi hamınızın gözü qarşısında özü yeməli olacaq”, - deyə Paşinyan qeyd edib.
O daha sonra bildirib ki, keçmiş hakimiyyət nümayəndələri hakimiyyəti xalqın əlindən almaq və 2018-ci ildən əvvəlki vəziyyəti bərpa etmək istəyirlər.
“O vaxt Dilicanın vəziyyətini xatırlayırsınızmı? İndi isə görün şəhər hansı vəziyyətdədir”, - deyə Paşinyan vurğulayıb.
Ermənistanın Baş naziri çıxışında “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Tsarukyanın kürəkəni Quloyana məxsus olmuş və sonradan dövlət mülkiyyətinə keçirilmiş malikanə ilə bağlı da danışıb.
Onun sözlərinə görə, məhkəmə qərarı ilə həmin ev artıq dövlət mülkiyyəti hesab olunur.
“Tsarukyan klanına məxsus ilk ev müsadirə olunub. Məhkəmə qərarı qüvvəyə minib və Quloyanın evi dövlət mülkiyyəti kimi tanınıb. Bundan sonra həmin evdən oğurluq ediblər və bununla bağlı yeni cinayət işi açılıb”, - deyə Paşinyan bildirib.
Ermənistan Baş naziri iddia edib ki, Qaqik Tsarukyan və onun kürəkəni evin divarlarından daşları sökərək aparıblar.
“Qaqik Tsarukyan və kürəkəni həmin evin divarlarından daşları qoparıblar. Buna görə də yenidən mühakimə olunacaqlar. Divarlardan daşları söküb aparıblar, oğurlayıblar. Bilmirəm qızılla örtülmüşdü, yoxsa nə idi, amma indi bununla bağlı cinayət işi açılıb. Çünki həmin daşlar artıq onların mülkiyyəti deyildi”, - deyə Paşinyan vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az