Ermənistan KİV-i: Rusiya bazarının qapıları bağlanır?

2026/04/1775489688.jpg
Oxunub: 242     09:50     04 İyun 2026    
Ermənistanın kənd təsərrüfatı sektoru növbəti ciddi problemlə üzləşib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Rusiya bazarının qapıları bağlanır? Kənd təsərrüfatı və ixrac yeni zərbə qarşısında” başlıqlı məqaləsində yazıb.

Nəşrin məlumatına görə, Rusiyanın “Rosselxoznadzor” qurumu iyunun 3-dən etibarən Ermənistandan Rusiyaya idxal olunan və Ermənistan mənşəli tumlu meyvələr, badımcan, kartof və quru meyvələrə müvəqqəti məhdudiyyətlər tətbiq edib.

Məqalədə qeyd olunur ki, məhdudiyyətlər həmin məhsulların Avrasiya İqtisadi Birliyinə üzv ölkələrə tranzit daşınmasına da şamil edilir.

“Rusiyanın qərarı ixrac olunan məhsullar üzərində karantin nəzarətinin və mənşəyin izlənilməsi mexanizmlərinin yetərli olmaması ilə əsaslandırılır. Bildirilir ki, tədarüklərin tam nəzarətini və təhlükəsizliyini təmin edəcək sistem yaradılanadək məhdudiyyətlər qüvvədə qalacaq.

Bu, sadəcə texniki qərar deyil. Çünki Rusiya bazarı uzun illər Ermənistan kənd təsərrüfatı məhsullarının əsas istehlakçısı olub və çoxsaylı fermer təsərrüfatları məhsullarını məhz bu bazarda satır”, - deyə müəllif yazıb.

Məqalədə vurğulanır ki, yaranmış vəziyyət Ermənistanın kənd təsərrüfatı siyasətində sistemli problemlərin hələ də qalmaqda olduğunu göstərir. Belə çətinliklər ilk növbədə fermerlərə, emal müəssisələrinə və ixracatçılara təsir edir.

Nəşr xüsusilə diqqətə çatdırır ki, məhdudiyyətlər kənd təsərrüfatı mövsümündə ixracı daha da artan məhsulları əhatə edir. Problemin uzunmüddətli xarakter alacağı təqdirdə satış çətinliklərinin yaranacağı və bunun fermerlərin gəlirlərinə birbaşa təsir göstərəcəyi bildirilir.

Məqalədə həmçinin qeyd olunur ki, Rusiya tərəfi Ermənistanın nəzarət orqanlarının fəaliyyətində nöqsanların olduğunu və sahənin kifayət qədər səmərəli tənzimlənmədiyini də vurğulayır.

“Bu hadisələr bir daha göstərir ki, ixrac bazarları ilə iş yalnız siyasi bəyanatlar deyil, gündəlik, sistemli və peşəkar fəaliyyət tələb edir. Əks halda belə məhdudiyyətlər iqtisadi problemlə yanaşı, minlərlə ailənin rifahına təsir edən sosial problemə də çevrilə bilər”, - deyə nəşr qeyd edib.

Məqalə müəllifinin fikrincə, hazırda əsas məsələ məsul qurumların yaranmış problemləri nə qədər tez həll edə və Ermənistan məhsullarının əsas ixrac bazarına maneəsiz çıxışını bərpa edə bilməsidir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin