Astanada Putinlə Ermənistan baş nazirinin müavininin ayrıca görüşü planlaşdırılmır

2026/05/1780040407.jpg
Oxunub: 313     11:38     29 May 2026    
“Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan baş nazirinin müavini Mher Qriqoryan arasında Astanada ayrıca görüş keçirilməsi nəzərdə tutulmur”.

Ordu.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ayrıca görüş planlaşdırılmasa da, tərəflər Avrasiya İqtisadi Birliyinin sammiti çərçivəsində qeyri-rəsmi şəkildə ünsiyyət qura bilərlər.

“Ayrıca görüş nəzərdə tutulmur. Lakin istəsələr, pərdəarxasında çox rahat söhbət edə bilərlər”, - deyə Peskov Astanada keçirilən Avrasiya İqtisadi Birliyi sammiti öncəsi bildirib.

Jurnalistlərin Qriqoryanın İrəvana Avrasiya İqtisadi Birliyi liderlərindən hər hansı mesaj aparıb-aparmayacağı ilə bağlı sualını cavablandıran Kremlin sözçüsü qeyd edib ki, sammitin qapalı formatda keçiriləcək hissəsində həssas məsələlər müzakirə olunacaq.

“Hazırda sammit qapalı tərkibdə başlayır və əlbəttə ki, həssas mövzular məhz orada müzakirə ediləcək”, - deyə o vurğulayıb.

Peskov əlavə edib ki, əgər Putin və Qriqoryan bunu məqsədəuyğun hesab etsələr, onların görüşü baş tuta bilər.

Rusiya tərəfinin bəzi Ermənistan məhsullarının idxalına tətbiq etdiyi məhdudiyyətlərə münasibət bildirən Kremlin sözçüsü qeyd edib ki, İrəvandan bu məsələ ilə bağlı hələlik heç bir rəsmi reaksiya daxil olmayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin