Ordu.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Açıqlamada bildirilir ki, “Rospotrebnadzor” dövlət nişanlama sistemi olan “Çestnıy Znak” platformasının operatoruna Rusiya Federasiyası ərazisində “Cermuk” markalı təbii müalicəvi-süfrə qazlı mineral içməli suyunun 64,5 milyon ədəd məhsulunun satışının dayandırılması ilə bağlı əlavə göstəriş göndərib.
Qeyd olunub ki, yoxlamalar zamanı məhsulun tərkibində texniki tənzimləmə tələblərinə uyğun olmayan göstəricilər aşkar edilib. Mütəxəssislər suda hidrokarbonatların, xloridlərin və sulfatların səviyyəsinin normanı aşdığını müəyyən ediblər.
Nəzarət qurumunun fikrincə, məhsulun mövcud nişanlanması istehlakçıları içkinin müalicəvi xüsusiyyətləri ilə bağlı yanlış məlumatlandıra bilər. Bundan əlavə, müəyyən edilmiş uyğunsuzluqların insanların sağlamlığına potensial zərər vurma riski yaratdığı qeyd olunub.
Məhdudiyyətlər həm pərakəndə satış məntəqələrinə, həm də onlayn ticarət platformalarına şamil edilir. Məlumata görə, 2026-cı ilin əvvəlindən etibarən “Çestnıy Znak” sistemi artıq bu markaya məxsus 38,4 milyon şüşənin satışını bloklayıb.
Qəbul edilən qərarla bağlı “Rospotrebnadzor” Avrasiya İqtisadi Komissiyasını və Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin müvafiq qurumlarını məlumatlandırıb.
Alpər Mövludoğlu
Ordu.az