Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Şirkətin yaydığı məlumata görə, WZE PAC-3 proqramında sertifikatlı təchizatçı kimi fəaliyyət göstərəcək. Müqaviləyə əsasən, Polşada istehsal ediləcək komponentlərin “Patriot” raket ailəsinin qlobal təchizat zəncirinə daxil edilməsi planlaşdırılır.
“L3Harris”, “Lockheed Martin” və WZE əməkdaşlığı çərçivəsində Polşanın “Wisla” hava hücumundan müdafiə sistemi proqramı üçün ölkə daxilində raket komponentləri istehsalı infrastrukturu qurulub. Şirkət bildirib ki, sifarişin məqsədi qlobal bərk yanacaqlı raket mühərrikləri təchizat zəncirini gücləndirmək və kritik sursat istehsalı imkanlarını artırmaqdır.
“L3Harris”in Raket Həlləri və Raket Hərəkət Sistemləri üzrə rəhbəri Skott Aleksander qeyd edib ki, şirkət ABŞ-ni və müttəfiqlərini qoruyan kritik sursatların istehsal imkanlarını artırmaqda qərarlıdır. Onun sözlərinə görə, WZE ilə əldə olunan bu mühüm mərhələ raket hərəkət sistemləri təchizat şəbəkəsinin şaxələndirilməsi istiqamətində irəliləyişin göstəricisidir.
Müqavilədən sonra Polşanın Zelonka şəhərində yerləşən yeni WZE istehsal müəssisəsinə xüsusi avadanlıqlar quraşdırılıb. Həmçinin WZE əməkdaşlarının “L3Harris”in Arkanzas ştatındakı Camden müəssisəsində geniş təlim proqramlarını tamamladıqları bildirilib.
Şirkətin məlumatına görə, WZE “Production Readiness Review”, “Manufacturing Readiness Review” və “Production Line Verification” mərhələlərini uğurla başa vurub. Bu mərhələlərin tamamlanması ilə şirkətin yaxın vaxtlarda aşağı həcmli ilkin istehsala başlamasının qarşısı açılıb.
PAC-3 raketi taktiki ballistik raketlərə, qanadlı raketlərə və hava hədəflərinə qarşı hazırlanmış yüksək sürətli önləyici raket kimi tanınır. “Hit-to-kill” prinsipi ilə işləyən sistem hədəfi birbaşa kinetik toqquşma ilə məhv edir. Hər PAC-3 önləyici raketində 180 ədəd ACM mühərriki yerləşir. Təxminən yumurta böyüklüyündə olan bu kiçik mühərriklər raketin uçuş zamanı trayektoriyasını dəqiq şəkildə tənzimləyərək hədəfə birbaşa dəyməsini təmin edir.
“L3Harris” bildirib ki, şirkət “Patriot” raket ailəsinin yaradılmasından etibarən hərəkət sistemləri təmin edir və hazırda istehsalda olan bütün PAC-3 variantlarında onun sistemlərindən istifadə olunur.
Sevinc Əliyeva
Ordu.az