ASELSAN-ın YENER sistemi EFES 2026-da mina və əldəqayırma partlayıcı qurğu təhdidlərinə qarşı nümayiş etdirilib

2026/05/1779908447.jpg
Oxunub: 442     22:54     27 May 2026    
Türkiyə Silahlı Qüvvələri EFES 2026 təlimi çərçivəsində ASELSAN tərəfindən hazırlanan YENER 100-G Müasir Mina Aşkarlama Sistemini “Otokar” istehsalı olan ARMA 8x8 zirehli maşını üzərində nümayiş etdirib.

Ordu.az xəbər verir ki, sistem mina və əldəqayırma partlayıcı qurğu təhdidlərinə qarşı marşrut açma və konvoy təhlükəsizliyi imkanları ilə diqqət çəkib.

İzmirin Səfərihisar rayonunda keçirilən EFES 2026 Birləşmiş Müştərək Döyüş Atışlı Təlimi quru, dəniz, hava, amfibiya və xüsusi təyinatlı qüvvələrlə yanaşı, çoxmillətli komanda-idarəetmə imkanlarının sınaqdan keçirildiyi Türkiyənin ən böyük hərbi təlimlərindən biri hesab olunur.

Təlimdə 50 ölkədən nümayəndə heyətləri və 10 mindən çox şəxsi heyət iştirak edib. ASELSAN tərəfindən hazırlanan YENER 100-G sistemi yol altında və ya yol kənarında gizlədilən mina və əldəqayırma partlayıcı qurğu təhdidlərini aşkarlamaq üçün nəzərdə tutulub.

Sistem hədəf aşkarlanması, işarələmə, elektro-optik müşahidə və qarışdırma əsaslı elektron mühafizə imkanlarını eyni platformada birləşdirir. ARMA 8x8 platformasına inteqrasiya edilən sistemin müasir əməliyyat şəraitində bölmələrin təhlükəsiz irəliləyişini təmin etmək məqsədilə hazırlandığı bildirilib.

Xüsusilə logistika karvanları, artilleriya bölmələri, hava hücumundan müdafiə sistemləri və mexanikləşdirilmiş birliklərin hərəkət edəcəyi dəhlizlərin təhlükəsizliyinin təmin olunması hədəflənir.

YENER 100-G sistemində Yeraltı Görüntüləmə Radarı, EMI sensoru, SAR texnologiyası, MIMO infrastrukturu, kabel aşkarlama sistemi, avtomatik torpaq kalibrlənməsi və yüksək keyfiyyətli 2D/3D görüntüləmə sistemləri yer alır.

Bu sensor arxitekturası sayəsində sistemin basdırılmış minaları, kabelləri, metal təhdidləri və yol kənarındakı şübhəli obyektləri aşkar edə bildiyi qeyd olunur. Sistem radioelektron qarışdırma və rabitə infrastrukturu ilə də təchiz edilib.

YENER 100-G-də “jammer” sistemi, “Karetta” “anti-jamming” GPS, ANS-510K inersial naviqasiya sistemi, nəqliyyat vasitəsinin izləmə sistemi, V/UHF proqram təminatlı radio və daxili rabitə sistemi mövcuddur. Platformanın uzaqdan idarə oluna bilməsi yüksək riskli bölgələrdə şəxsi heyətin təhlükəsizliyini artıran əsas xüsusiyyətlərdən biri kimi qiymətləndirilir.

Sistem həmçinin LIDAR əsaslı maneə aşkarlama sistemi, hədəf işarələmə infrastrukturu və teleskopik mexanizm üzərində yerləşdirilmiş ATS-61 elektro-optik sistemi vasitəsilə marşrut üzərindəki təhdidləri analiz edə bilir. Bu imkanlar sayəsində YENER 100-G-nin amfibiya əməliyyatlarından sonra daxili ərazilərə doğru irəliləyən birliklər üçün təhlükəsiz dəhliz yaradılması tapşırıqlarında da istifadə oluna biləcəyi bildirilir.

Platforma yüksək riskli mina təmizləmə və marşrut açma əməliyyatları üçün əlavə zireh mühafizəsi ilə də təchiz olunub. YENER 100-G konfiqurasiyasında SARP Uzaqdan İdarə Olunan Silah Sistemi, raketlərə qarşı passiv mühafizə komplekti, STANAG 4569 “Səviyyə 4A/4B” mina mühafizəsi və STANAG 4569 “Səviyyə 4” ballistik mühafizə mövcuddur.

Bu mühafizə səviyyəsinin birbaşa atəş və əldəqayırma partlayıcı qurğu hücumlarının intensiv olduğu bölgələrdə şəxsi heyətin sağ qalma imkanlarını artırdığı vurğulanır.

“Otokar”ın ARMA 8x8 platforması isə müstəqil asqı sistemi, mərkəzi təkər şişirmə sistemi, “run-flat” təkərlər və yüksək ərazi keçid qabiliyyəti ilə seçilir. Maşın aşağı sürətlə dəqiq axtarış apararkən eyni zamanda mexanikləşdirilmiş birliklərlə birlikdə hərəkət edə biləcək mobillik imkanına malikdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   YENER   EFES  


Bizi "telegram"da izləyin