NESA-nın texnologiyaları fərqli ölkə və coğrafiyalarda əməliyyat ehtiyaclarına həll təqdim edir - VİDEO
Oxunub: 527
17:06
20 May 2026
“NESA Havacılık” kritik sistemlərin layihələndirilməsi və istehsalı sahəsindəki fəaliyyəti ilə Türkiyə müdafiə sənayesinə töhfə verməyə davam edərkən, beynəlxalq sərgilərdəki iştirakını da gücləndirir.
Ordu.az xəbər verir ki, şirkət Asiyanın ən böyük müdafiə və daxili təhlükəsizlik tədbirlərindən biri hesab olunan DSA 2026 sərgisində iştirak edərək yeni əməkdaşlıqlar və ixrac imkanlarına fokuslanıb.
Sərgi çərçivəsində “DefenseHere.com”a açıqlama verən “NESA Havacılık”ın baş direktoru Nebi Erdem Malayziyanın Asiya bazarına çıxış baxımından strateji mövqedə yerləşdiyini bildirib.
Erdem Filippin, Kamboca və İndoneziya başda olmaqla regionda müxtəlif tərəfdaşlıqlar həyata keçirdiklərini və ixrac fəaliyyətlərini davam etdirdiklərini qeyd edib.
Türkiyə müdafiə sənayesinin sərgidə güclü iştirakına diqqət çəkən Erdem bildirib: “Bu sərgidə Türkiyə müdafiə sənayesinin nə qədər inkişaf etdiyini, ekosistemin nə qədər böyüdüyünü və ixrac potensialının nə qədər artdığını görürük”.
“NESA Havacılık”ın sərgidə ön plana çıxardığı məhsullar arasında “T-Fillox” və “T-Genox” sistemləri yer alıb.
Erdem qeyd edib ki, hərbi əməliyyat sahələri, səhra hospitalları və fəlakət bölgələrində istifadə üçün hazırlanan sistemlər yerində oksigen istehsalı və doldurulmasını həyata keçirə bilir.
O vurğulayıb ki, sözügedən texnologiya döyüş təyyarələrində istifadə olunan “Oxygen Box” sistemləri əsasında hazırlanıb.
“F-35 “Lightning II” və Milli Döyüş Təyyarəsi kimi beşinci nəsil təyyarələrdə istifadə olunan texnologiya əsasında hazırladığımız bu sistemlər olduqca yüngül, kompakt və yüksək texnologiyalı məhsullardır”, - deyə Erdem bildirib.
Xüsusilə ada ölkələrində logistika proseslərinin çətinliyinə diqqət çəkən Erdem sistemlərin daşına bilən quruluşu sayəsində əməliyyat sahəsində mühüm üstünlük təmin etdiyini bildirib.
“Bir və ya iki nəfərin daşıya biləcəyi, hətta sedan avtomobillərlə belə nəql edilə biləcək ölçüdə məhsullarla istənilən nöqtədə oksigen istehsalı həyata keçirilə bilir”, - deyə o qeyd edib.
“NESA Havacılık”ın il ərzində müxtəlif ölkələrdə keçirilən müdafiə sərgilərində iştirak etdiyini bildirən Erdem ilin əvvəlində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən “World Defense Show” sərgisində də yer aldıqlarını xatırladıb.
Malayziyadakı tədbirin Asiya bazarına açılım baxımından kritik əhəmiyyətə malik olduğunu vurğulayan Erdem şirkət olaraq 2028-ci ildə keçiriləcək növbəti sərgidə də iştirak etməyi və mövcud əməkdaşlıqları daha da inkişaf etdirməyi hədəflədiklərini bildirib.