BMT yaxın 6-12 ay ərzində gözlənilən qlobal ərzaq böhranı barədə xəbərdarlıq edib

2026/05/1779282002.jpg
Oxunub: 385     16:51     20 May 2026    
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Hörmüz boğazı ilə bağlı problemlərin yaratdığı ciddi qlobal ərzaq böhranı təhlükəsi barədə xəbərdarlıq edib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Təşkilatın baş iqtisadçısı Maksimo Toreronun sözlərinə görə, enerji daşıyıcıları və gübrələrin bahalaşması, eləcə də əkin sahələrinin azalması məhsuldarlığın aşağı düşməsinə, xammal qiymətlərinin artmasına və ərzaq inflyasiyasına səbəb olur.

Təşkilatın bəyanatında qeyd olunub ki, Hörmüz boğazında gəmiçiliklə bağlı problemlər “yarım il və ya bir il ərzində ciddi qlobal böhrana və ərzaq qiymətlərinin artmasına səbəb ola biləcək sistemli aqroərzaq şoku yaradır”.

Toreron hökumətləri, beynəlxalq maliyyə təşkilatlarını, özəl sektoru, həmçinin BMT qurumlarını və digər tədqiqat mərkəzlərini “mövcud vəziyyətin daha effektiv şəkildə aradan qaldırılması üçün” təcili müdaxilə etməyə çağırıb.

Təcili tədbirlər kimi alternativ ticarət marşrutlarının axtarışı, ixrac məhdudiyyətlərindən imtina, humanitar təchizatların qorunması və artan nəqliyyat xərclərinin yumşaldılması göstərilib.

“Neqativ nəticələrin yumşaldılması üçün alternativ quru və dəniz marşrutlarına keçid lazım olacaq. Bunlara Ərəbistan yarımadasının şərq hissəsi, Səudiyyə Ərəbistanının qərb hissəsi və Qırmızı dəniz daxildir”, - deyə FAO-nun aqroərzaq iqtisadiyyatı bölməsinin direktoru Devid Labord bildirib.

Eyni zamanda o qeyd edib ki, bu marşrutların ötürmə qabiliyyəti məhduddur, “buna görə də iri istehsalçıların ixrac məhdudiyyətləri tətbiq etməsindən yayınmaq son dərəcə vacibdir”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   Ərzaq-böhranı  


Bizi "telegram"da izləyin