ABŞ-də “Minuteman III” raketi sınaqdan keçirilib

2026/05/1779278678.jpg
Oxunub: 376     16:04     20 May 2026    
Amerika Birləşmiş Ştatları Hərbi Hava Qüvvələrinin Qlobal Zərbələr Komandanlığı Kaliforniya ştatındakı ABŞ Kosmik Qüvvələrinin “Vandenberq” hərbi bazasından “Minuteman III” qitələrarası ballistik raketinin sınaq buraxılışını həyata keçirib. Buraxılış zamanı döyüş başlığı istifadə olunmayıb.

Ordu.az xəbər verir ki, bu barədə “Vandenberq” bazasının mətbuat xidməti məlumat yayıb.

“GT 256 işarəsini almış bu planlı buraxılış bir neçə il əvvəl planlaşdırılmışdı və dünyada baş verən hadisələrlə bağlı deyil. O, həm silah sisteminin özünü, həm də onu xidmət edən heyəti ciddi şəkildə nəzarət olunan təcrübi mühitdə qiymətləndirmək üçün nəzərdə tutulmuş kompleks operativ sınağı təmsil edir”, - deyə hərbi bazanın mətbuat xidmətindən bildirilib.

ABŞ Hərbi Hava Qüvvələrinin Qlobal Zərbə Komandanlığının rəhbəri general Stiven Devisin sözlərinə görə, “buraxılış qitələrarası ballistik raket qüvvələrinin sazlığını və döyüş hazırlığını yoxlamağa imkan verib”.

ABŞ Müdafiə Nazirliyi “Minuteman III” əvəzinə silahlanmaya quru əsaslı yeni “Sentinel” qitələrarası ballistik raketlərini daxil etməyi planlaşdırır. Bu mərhələ milli nüvə qüvvələrinin modernləşdirilməsinin əsas elementlərindən biri olmalıdır. Pentaqonun qiymətləndirməsinə görə, raketin 2031-ci ildə yerləşdirilməsi ehtimal olunur.

Eyni zamanda, bir çox amerikalı qeyri-hökumət ekspertləri hesab edirlər ki, hazırkı mərhələdə ABŞ şaxta bazalı qitələrarası ballistik raketlərdən imtina etsə belə, strateji nüvə çəkindirməsini tam uğurla təmin edə bilər, çünki ölkənin atom sualtı raketdaşıyıcıları və ağır bombardmançıları mövcuddur. Nüvə triadasını da məhz bu komponentlər təşkil edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Minuteman-III  


Bizi "telegram"da izləyin