MİA “Hərbi və Geosiyasi Perspektivdən ABŞ/İsrail-İran Müharibəsi və Türkiyə” adlı hesabat yayımlayıb

2026/05/1779273425.jpg
Oxunub: 527     14:39     20 May 2026    
Türkiyə Milli Kəşfiyyat Akademiyası (MİA) tərəfindən hazırlanan “Hərbi və Geosiyasi Perspektivdən ABŞ/İsrail-İran Müharibəsi və Türkiyə” adlı hesabatda ABŞ və İsrail ilə İran arasında fevralın 28-də başlayan və təxminən 40 gün davam edən müharibənin müasir müharibə anlayışı, regional təhlükəsizlik balansı və Türkiyənin strateji prioritetləri baxımından çoxşaxəli nəticələr ortaya çıxardığı bildirilib.

Ordu.az xəbər verir ki, MİA-nın hesabatında müharibənin yalnız hərbi baxımdan deyil, süni zəka dəstəkli sistemlər, radioelektron mübarizə, kritik infrastruktur təhlükəsizliyi, enerji təchizatı təhlükəsizliyi, koqnitiv müharibə, ictimai dayanıqlılıq və diplomatik balanslar baxımından da yeni dövrə işarə etdiyi vurğulanıb.

Hesabatın ön sözündə Milli Kəşfiyyat Akademiyasının rəhbəri professor Talha Köse MİA tərəfindən daha əvvəl yayımlanan “12 Gün Müharibəsi” hesabatında münaqişənin davam edə və regionallaşa biləcəyi ilə bağlı proqnozların böyük ölçüdə reallaşdığına diqqət çəkib.

Köse bildirib ki, yeni müharibə xüsusilə ABŞ-nin prosesə birbaşa qoşulması ilə hərbi doktrinalar, yeni texnologiyalar, kəşfiyyat əməliyyatları, enerji təhlükəsizliyi, ictimai dayanıqlılıq və kommunikasiya strategiyaları kimi bir çox sahədə transformasiyanı daha görünən edib.

Hesabatda həmçinin müharibə müddətində müşahidə edilən hərbi texnologiyalar, doktrinal sınaqlar, siyasi və geosiyasi təsirlər, eləcə də Türkiyə baxımından ortaya çıxan nəticələrin geniş şəkildə təhlil edildiyi bildirilib.

“Müharibə müasir döyüş mühitini formalaşdırdı”

Hesabatda qeyd olunub ki, ABŞ və İsrail ilə İran arasındakı müharibə müasir döyüş mühitinin platforma mərkəzli anlayışdan məlumat, şəbəkə, istehsal gücü və əməliyyat davamlılığı əsaslı yeni quruluşa çevrildiyini göstərib.

Süni zəka dəstəkli sistemlərin kəşfiyyat, müşahidə və aşkarlama fəaliyyətlərində, hədəf müəyyənləşdirmə, prioritetləşdirmə və hava hücumundan müdafiə proseslərində intensiv istifadəsinin qərarvermə dövrlərini dramatik şəkildə sürətləndirdiyi vurğulanıb.

Bu vəziyyətin müasir müharibədə qərar üstünlüyünün yalnız insan potensialı ilə deyil, məlumat emalı, alqoritmik analiz və real vaxt inteqrasiya imkanları ilə formalaşdığını ortaya qoyduğu bildirilib. Hesabatda elektromaqnit spektrinə nəzarətin müasir hava gücünün ayrılmaz hissəsinə çevrildiyi qeyd olunub.

Radar sistemləri, məlumat bağlantıları, SATCOM infrastrukturu, radioelektron mübarizə imkanları və rabitə şəbəkələrinin müharibənin nəticəsinə birbaşa təsir göstərdiyi bildirilib. Görünməyən rəqəmsal və elektromaqnit təbəqənin gələcəyin müharibələrində fiziki döyüş sahəsi qədər kritik əhəmiyyət daşıdığı vurğulanıb. Hesabatda müharibənin keçilməz hava hücumundan müdafiə çətiri anlayışının davamlı və mütləq olmadığını göstərdiyi qeyd olunub.

İranın aşağı xərcli kamikadze pilotsuz uçuş aparatları və çoxsaylı raket hücumları ilə çoxtəbəqəli hava hücumundan müdafiə sistemlərini müəyyən dərəcədə aşa bildiyi bildirilib. Bu vəziyyətin müasir hava hücumundan müdafiə sistemlərinin yalnız müdafiə vasitələrindən deyil, erkən xəbərdarlıq, radioelektron mübarizə, kibertəhlükəsizlik və hücum imkanları ilə dəstəklənən inteqrasiya edilmiş arxitekturalardan ibarət olmalı olduğunu göstərdiyi vurğulanıb.

Hesabatda böyük və yüksək xərcli platformaların əhəmiyyətini qoruduğu, lakin bu platformaların strateji zəifliklərinin daha görünən hala gəldiyi bildirilib. Xüsusilə intensiv raket təhdidi altında aviadaşıyıcılar, tanker təyyarələri və havadan erkən xəbərdarlıq platformalarının fəaliyyət imkanlarının məhdudlaşdığı qeyd olunub. Bunun əksinə olaraq aşağı xərcli pilotsuz uçuş aparatı sistemləri və kamikadze vasitələrin yüksək xərcli müdafiə arxitekturalarına qarşı ciddi xərc asimmetriyası yaratdığı vurğulanıb.

“Enerji və kritik infrastrukturlar birbaşa hədəfə çevrildi”

Hesabatda kritik infrastrukturlar, enerji obyektləri, radar şəbəkələri, rabitə sistemləri və logistika mərkəzlərinin müharibənin əsas hədəflərinə çevrildiyi bildirilib. Bu vəziyyətin müasir müharibədə yalnız hərbi vasitələrin deyil, döyüş qabiliyyətini mümkün edən infrastrukturun da birbaşa münaqişə sahəsinə çevrildiyini göstərdiyi qeyd olunub.

Xüsusilə enerji və rabitə infrastrukturlarındakı zəifliklərin ictimai dayanıqlılıq ilə milli təhlükəsizlik arasındakı əlaqəni daha görünən etdiyi vurğulanıb. Həmçinin Hörmüz boğazı, Qırmızı dəniz və Şərqi Aralıq dənizi xəttində yaşanan gərginliklərin enerji təchizatı təhlükəsizliyi və ticarət marşrutlarını birbaşa strateji rəqabət sahəsinə çevirdiyi bildirilib.

Hesabatda enerji infrastrukturları və dəniz ticarət xətlərinin qorunmasının regional təhlükəsizlik arxitekturasının əsas elementlərindən birinə çevrildiyi qeyd olunub. “İnkişaf Yolu” və Orta Dəhliz kimi bağlantı layihələrinin isə müharibədən sonrakı dövrdə yalnız iqtisadi deyil, həm də geosiyasi və strateji təhlükəsizlik layihələrinə çevrildiyi vurğulanıb.

Müharibənin Yaxın Şərqdə uzun müddətdir vəkil qüvvələr, həssas balanslar və xarici təhlükəsizlik zəmanətləri üzərindən davam etdirilən mövcud təhlükəsizlik arxitekturasını ciddi şəkildə aşındırdığı bildirilib.

İraq, Suriya, Livan, Yəmən, Körfəz və Şərqi Aralıq dənizi xəttini eyni anda təsir altına alan çoxtəbəqəli böhranların regional təhlükəsizlik anlayışını yenidən formalaşdırdığı qeyd olunub. Hesabatda İranın regional potensialının müharibə müddətində əhəmiyyətli dərəcədə zəiflədiyi, lakin təsirinin tamamilə aradan qalxmadığı bildirilib.

İsrailin İranın zəifləməsini strateji fürsət kimi qiymətləndirdiyi, xüsusilə Suriya, Livan və Şərqi Aralıq dənizi xəttində əməliyyat sahəsini genişləndirmə meyli göstərdiyi vurğulanıb. Bunun regional təhlükəsizlik arxitekturasını daha həssas hala gətirdiyi və İsrailin bölgəni öz xeyrinə formalaşdırmaq istəyinin Türkiyə ilə strateji rəqabət ehtimalını artırdığı bildirilib.

Hesabatda müharibənin Türkiyə baxımından hava və raketdən müdafiə, elektromaqnit spektrinə nəzarət, strateji infrastruktur təhlükəsizliyi, sursat davamlılığı, koqnitiv müharibə qabiliyyəti və paylanmış komanda-idarəetmə arxitekturaları sahələrində yeni nəsil müdafiə yanaşmasının zəruriliyini ortaya qoyduğu vurğulanıb.

Müdafiə sənayesində yalnız yüksək texnologiya istehsalının deyil, seriyalı istehsal gücü, sursat davamlılığı, ehtiyat potensialı və təchizat təhlükəsizliyinin də strateji zərurətə çevrildiyi bildirilib. Bu yanaşmanın “üçölçülü dərinlik” anlayışı kimi xarakterizə olunduğu qeyd edilib.

Türkiyənin çoxşaxəli diplomatik potensialının əhəmiyyəti

Hesabatda Türkiyənin çoxşaxəli diplomatik potensialının müharibə dövründə mühüm strateji üstünlük təmin etdiyi bildirilib. Ankaranın eyni anda İran, Körfəz ölkələri, Pakistan, Avropa və ABŞ ilə kommunikasiya kanallarını davam etdirə bilməsinin Türkiyənin yeni regional təhlükəsizlik arxitekturasında balanslaşdırıcı və asanlaşdırıcı rol oynamaq potensialını göstərdiyi vurğulanıb.

Bununla yanaşı, müharibə müddətində Türkiyə əleyhinə təbliğat fəaliyyətlərinin intensivləşdiyi diqqətə çatdırılıb və dezinformasiya ilə manipulyasiya fəaliyyətlərinə qarşı zəruri tədbirlərin görülməsinin əhəmiyyət daşıdığı qeyd olunub. Hesabatda nəticə olaraq ABŞ/İsrail-İran müharibəsinin beynəlxalq təhlükəsizlik sisteminin dağılmağa başladığı və müharibənin mahiyyətinin köklü şəkildə dəyişdiyi yeni dövrün xəbərçisi olduğu bildirilib.

Gücün artıq yalnız hərbi potensialla deyil, texnoloji istehsal qabiliyyəti, məlumat üstünlüyü, ictimai dayanıqlılıq, davamlılıq və strateji uyğunlaşma qabiliyyəti ilə müəyyən olunduğu qeyd edilib. Türkiyənin geosiyasi mövqeyi, müdafiə sənayesi infrastrukturu, əməliyyat təcrübəsi və diplomatik çevikliyi sayəsində yeni dövrdə “təhlükəsizlik və sabitlik təmin edən” aktorlardan birinə çevrildiyi vurğulanıb.

Hesabatda Türkiyə baxımından əsas məsələnin yaranmış tarixi dönüşü yalnız böhran və təhdid prizmasından deyil, uzunmüddətli strateji miqyas böyütmə fürsəti kimi qiymətləndirə bilmək olduğu ifadə edilib. Bunun mümkün olması üçün isə çoxtəbəqəli təhlükəsizlik yanaşmasının institusionallaşdırılması və mövcud potensialın davamlı, inteqrasiya edilmiş və strateji baxış çərçivəsində inkişaf etdirilməsinin vacibliyi bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MİA   Türkiyə   Hesabat  


Bizi "telegram"da izləyin