Ordu.az xəbər verir ki, MİLGEM Layihəsi çərçivəsində inşa edilən 10-cu gəmidə yerləşdiriləcək MKE istehsalı olan 7-ci DENİZHAN-76 Milli Dəniz Topu atışlı qəbul sınaqlarını uğurla tamamlayaraq gəminin inşa edildiyi gəmiqayırma zavoduna təhvil verilib.
MKE DENİZHAN-76-nın xüsusiyyətləri
MKE dəniz topu sahəsində Türkiyəyə qarşı tətbiq edilən gizli embarqolara cavab olaraq 2020-ci ildə fəaliyyətə başlayıb və dünyada yalnız bir neçə ölkənin istehsal edə bildiyi 76 mm milli dəniz topunu qısa müddətdə hazırlayaraq seriyalı istehsala keçirib.
Yaxın və orta mənzilli hədəflərə qarşı effektiv atəş gücü təqdim edən DENİZHAN-76 hava hücumundan müdafiə, suüstü döyüş və quru bombardmanı tapşırıqlarını uğurla yerinə yetirə bilir. Dəqiqədə 80 atəş həyata keçirə bilən yüksək atəş sürətinə malik sistem təxminən 16 kilometr mənzilədək effektiv atış imkanı təqdim edir.
Aşağı radar izinə malik dizaynı və çoxfunksiyalı imkanları ilə diqqət çəkən DENİZHAN-76 “Mavi Vətən”də yalnız Türkiyə Hərbi Dəniz Qüvvələrinin deyil, həm də dost və müttəfiq ölkələrə həyata keçirilən ixrac vasitəsilə Türkiyənin milli müdafiə sənayesinin güclənməsinə töhfə verir.
Türk mühəndislərinin imzasını daşıyan DENİZHAN-76 2025-ci ildə İndoneziya ilə yanaşı həm NATO, həm də Avropa İttifaqı üzvü olan Rumıniyaya ixrac edilib.
Növbəti hədəf: 127 mm dəniz topu
MKE mühəndisləri DENİZHAN 76 mm milli dəniz topu üzrə əldə etdikləri təcrübə ilə hədəfi bir addım irəli apararaq 127 mm milli dəniz topunu yerli və milli imkanlarla istehsal etmək üçün fəaliyyətlərini fasiləsiz davam etdirirlər.
Bu çərçivədə 127 mm dəniz topunun ilk mərhələsi olan silah sisteminin lüləsi istehsal edilib. Silah sisteminin inkişaf etdirilməsinə yönəlmiş elmi-tədqiqat və təcrübə-konstruktor işləri isə davam edir.
Sevinc Əliyeva
Ordu.az