Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr müşaviri, nazirliyin sözçüsü kontr-admiral Zəki Aktürk həftəlik mətbuat konfransında açıqlama verib.
Onun sözlərinə görə, müxtəlif sayda TAYFUN “Blok-2” raketinin yoxlama və qəbul prosesləri tamamlanaraq Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil edilməsi həyata keçirilib.
ROKETSAN tərəfindən hazırlanan TAYFUN raketinin 500 kilometrdən artıq mənzilə, 6,5 metr uzunluğa, 610 millimetr çapa və təxminən 2 min 300 kiloqram çəkiyə malik olduğu bildirilib.
Məlumata görə, hipersəs sürətinə çata bilən raket sistemi yüksək uçuş sürəti sayəsində mövcud hava hücumundan müdafiə sistemləri üçün qarşısının alınması çətin olan təhdid profili yaradır.
Yüksək dəqiqlikli zərbə imkanına malik raketin hədəf ətrafında arzuolunmaz zərər riskini minimum səviyyəyə endirdiyi qeyd olunub.
Türkiyənin milli imkanlarla hazırladığı ən uzunmənzilli ballistik raketi hesab edilən TAYFUN-un hava hücumundan müdafiə sistemləri, komanda-idarəetmə mərkəzləri, hərbi təyyarə anqarları, kritik hərbi obyektlər və strateji hədəflərə qarşı effektiv zərbə vasitəsi olduğu vurğulanıb.
Bildirilib ki, TAYFUN dərinlikdə yerləşən hədəflərə qarşı yüksək təsir gücünə malik etibarlı ballistik raket sistemi kimi hazırlanıb. Qısa müddətdə atışa hazır vəziyyətə gətirilə bilən sistemin atəş gücünün sürətlə fərqli bölgələrə yönəldilməsinə imkan yaratdığı və istifadəçiyə mühüm əməliyyat çevikliyi təqdim etdiyi qeyd edilib.
Mobil istifadə infrastrukturu sayəsində sistemin logistika baxımından da əməliyyat sahəsində əhəmiyyətli üstünlüklər təmin etdiyi bildirilib.
Məlumata əsasən, TAYFUN qlobal mövqeləndirmə sistemlərinin qarışdırılmasına qarşı yüksək radioelektron mübarizə davamlılığına malikdir və intensiv radioelektron mübarizə şəraitində fəaliyyət göstərə bilir. Raket sisteminin aşağı ətraf mühit həssaslığı sayəsində gecə-gündüz və müxtəlif hava şəraitində tapşırıqları yerinə yetirə bildiyi vurğulanıb.
TAYFUN ballistik raketinin ilk sınaq atışının 2022-ci il oktyabrın 18-də Rize-Artvin hava limanından həyata keçirildiyi və raketin Qara dəniz üzərində müəyyən edilmiş hədəf bölgəyə uğurla çatdığı xatırladılıb. Sınaqlardan sonra sistemin inkişaf fəaliyyətlərinin davam etdirildiyi və müxtəlif konfiqurasiyalar üzrə işlərin aparıldığı qeyd olunub.
ROKETSAN-ın 2025-ci ildə TAYFUN raket ailəsinin yeni üzvü olan TAYFUN BLOK 4 hipersəs ballistik raket sistemini təqdim etdiyi bildirilib. Təxminən 10 metr uzunluğa və 7,2 ton çəkiyə malik olan TAYFUN BLOK 4-ün mobil buraxılış infrastrukturu, artırılmış ölçüləri və yeni nəsil əməliyyat konsepsiyası ilə diqqət çəkdiyi vurğulanıb.
Sevinc Əliyeva
Ordu.az