ABŞ-də hərbi əməliyyat mərc oyunlarında daxili məlumatlardan istifadə edilib

2026/05/Ekran-1779267115.jpg
Oxunub: 385     12:50     20 May 2026    
ABŞ-nin Venesuela və İrana qarşı əməliyyatları ilə bağlı onlayn mərc oyunlarında daxili məlumatlardan istifadə edilərək milyonlarla dollar gəlir əldə olunduğu iddia edilir.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-nin “CBS News” telekanalında yayımlanan “60 Minutes” proqramında məlumat verilib.

Proqramda ABŞ-nin 2026-cı il yanvarın 3-də Venesuela Prezidenti Nikolas Maduroya qarşı həyata keçirdiyi hərbi müdaxilə və fevralın 28-də İrana qarşı başladığı hücumların onlayn mərc platformalarında istifadə olunması araşdırılıb.

Məlumata görə, yalnız 2026-cı ildə ABŞ hökumətinin hərbi qərarları, əməliyyatların nəticələri və digər siyasi hadisələrlə bağlı mərc oyunlarına yatırılan vəsait 1 milyard dolları ötüb.

Xəbərdə qeyd olunub ki, bəzi istifadəçilər “mülki şəxs üçün həddindən artıq spesifik” və “şübhəli zamanlamaya malik” proqnozlar veriblər.

Bildirilir ki, Maduroya qarşı əməliyyatda iştirak edən ABŞ ordusunun hərbçisi Qannon Ken Van Dayk barədə ötən ay “daxili məlumatlardan mərc məqsədilə istifadə etmək” ittihamı ilə iddianamə hazırlanıb.

İddianaməyə əsasən, Venesuela əməliyyatının planlaşdırılması və icrasında iştirak edən Van Dayk gizli kəşfiyyat məlumatlarından istifadə edərək əməliyyatın başlama vaxtı ilə bağlı mərc edib.

ABŞ Ədliyyə Nazirliyi həmin hərbçini əməliyyatdan əvvəl ümumilikdə təxminən 34 min dollar məbləğində mərc oynamaqda və bunun nəticəsində 400 min dollardan çox gəlir əldə etməkdə ittiham edib.

Məsələni araşdıran tədqiqatçılardan biri telekanala açıqlamasında bildirib ki, hərbi qərarlarla bağlı aşağı qazanma ehtimallı uzunmüddətli mərc oyunlarından böyük gəlir əldə olunması “sistematik məlumat sui-istifadəsinin” göstəricisidir.

Digər tədqiqatçı isə mərc platformasında bir-biri ilə əlaqəli 9 hesabın əsasən ABŞ-nin hərbi əməliyyatları ilə bağlı mərc oynayaraq 98 faiz qazanma göstəricisi ilə ümumilikdə 2,4 milyon dollar əldə etdiyini açıqlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Venesuela   İran  


Bizi "telegram"da izləyin