Ordu.az xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin koordinasiyası ilə “C-Prot” tərəfindən hazırlanan və HAVELSAN əməkdaşlığı ilə həyata keçirilən Türkiyənin ilk Uç Nöqtə Təhlükəsizlik Platforması (AV-EDR) sistemi SAHA 2026 çərçivəsində keçirilən mərasimdə Milli Müdafiə Nazirliyinə təhvil verilib.
“C-Prot” şirkətinin açıqlamasına görə, bu addım Türkiyənin kibertəhlükəsizlik sahəsində xarici asılılığı azaltmaq, kritik sistemləri yerli texnologiyalar vasitəsilə qorumaq və rəqəmsal suverenliyini gücləndirmək hədəflərinin praktiki nəticəsi hesab olunur.
Məlumata görə, platforma Yeni Nəsil Antivirus və EDR funksiyalarını vahid agent altında birləşdirən inteqrasiya edilmiş arxitekturaya malikdir. Bunun sayəsində qurumlar parçalanmış təhlükəsizlik sistemlərindən imtina edərək daha sürətli və effektiv təhlükəsizlik infrastrukturuna sahib olur.
Bildirilir ki, sistem yüksək həcmli telemetri məlumatlarının toplanması və qabaqcıl təhdid aşkarlama imkanları vasitəsilə uç nöqtələrdə dərin görünürlük təmin edir. Bu isə potensial təhdidlərin erkən mərhələdə aşkarlanmasına və operativ müdaxiləyə imkan yaradır.
Platformanın xüsusilə “Pardus” olmaqla yerli əməliyyat sistemləri ilə tam uyğun işləməsi üçün hazırlandığı vurğulanıb. Qeyd olunub ki, bu xüsusiyyət dövlət qurumları və kritik infrastrukturlarda yüksək inteqrasiya və əməliyyat davamlılığı təmin edir.
Məlumata əsasən, uç nöqtə təhlükəsizliyi və EDR texnologiyaları yüksək mühəndislik, təhdid kəşfiyyatı və davamlı məlumat emalı tələb edən mürəkkəb sistemlər sırasındadır. ABŞ, İsrail, Rusiya, Çin, Yaponiya və Fransa kimi məhdud sayda ölkənin bu sahədə texnologiya inkişaf etdirə bildiyi qeyd olunub.
Türkiyənin yerli həll hazırlaması ölkənin yalnız bu texnologiyalardan istifadə edən deyil, eyni zamanda onları inkişaf etdirən və ixrac edə bilən dövlətlər sırasına daxil olması baxımından mühüm addım kimi qiymətləndirilib.
Qeyd edilib ki, AV-EDR platformasının yaxın gələcəkdə müdafiə sənayesi ilə yanaşı enerji, maliyyə, dövlət xidmətləri və digər kritik infrastruktur sahələrində geniş tətbiqi planlaşdırılır.
Sevinc Əliyeva
Ordu.az