Kuba Prezidenti: “ABŞ-nin müdaxiləsi “qanlı qırğın”a səbəb olacaq”

2026/05/1779265423.jpg
Oxunub: 337     12:17     20 May 2026    
Kuba Prezidenti Migel Dias-Kanel ABŞ-nin Kubaya müdaxilə etməsinin “qanlı qırğın”la nəticələnəcəyini bəyan edib.

Ordu.az xəbər verir ki, Kuba Prezidenti bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

Dias-Kanel bildirib ki, hadisələrin belə inkişaf ssenarisi “qanlı qətliama səbəb olacaq və bunun nəticələrini qiymətləndirmək mümkün olmayacaq”.

Onun sözlərinə görə, belə hərbi əməliyyat regional sabitlik və sülh üçün dağıdıcı təsir yaradacaq.

Kuba Prezidenti əlavə edib ki, ölkəsi heç bir dövlət, o cümlədən ABŞ üçün təhdid yaratmır və aqressiv planlara malik deyil.

Bundan əvvəl “Politico” nəşri mənbələrə istinadən ABŞ Prezidentinin administrasiyasının Kubaya hərbi müdaxilə ssenarilərini nəzərdən keçirdiyini yazıb.

Məlumata görə, Vaşinqtonda Havanaya güzəştləri qəbul etdirmək məqsədilə məhdud hava zərbələri və Kuba hakimiyyətini devirmək üçün quru müdaxiləsi variantları müzakirə olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kuba   ABŞ  


Bizi "telegram"da izləyin