ABŞ Cənubi Koreyaya 3 milyard dollarlıq MH-60R “Seahawk” satışına razılıq verib

2026/05/1779261735.jpg
Oxunub: 400     11:21     20 May 2026    
ABŞ Cənubi Koreyaya 24 ədəd MH-60R “Seahawk” dəniz helikopteri və onlarla əlaqəli missiya sistemlərinin satışını təsdiqləyib.

Ordu.az xəbər verir ki, təxminən 3 milyard dollar dəyərindəki bu satış başa çatacağı təqdirdə Cənubi Koreya Hərbi Dəniz Qüvvələrinin sualtı qayıqlara qarşı mübarizə imkanlarında nəzərəçarpacaq artım təmin olunacaq.

ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinin (DSCA) açıqlamasına görə, satış paketi helikopterlərlə yanaşı radarları, sonar sistemlərini, radioelektron mübarizə avadanlıqlarını, təlim simulyatorlarını və müxtəlif missiya dəstək elementlərini də əhatə edir.

Cənubi Koreyanın “Seahawk” parkı genişlənir

Sözügedən satış Cənubi Koreyanın daha əvvəl tədarük etdiyi 12 ədəd MH-60R helikopterinə əlavə olaraq həyata keçiriləcək.

Seul hökuməti 2020-ci ildə ABŞ-nin Xarici Hərbi Satış (FMS) proqramı çərçivəsində 12 ədəd “MH-60R” üçün 878 milyon dollarlıq müqavilə imzalamışdı. İlk helikopter 2024-cü ilin sentyabrında təhvil verilmiş, ilk iki “Seahawk” helikopteri isə 2026-cı il aprelin 1-də Cinhae Dəniz Bazasında rəsmi şəkildə xidmətə qəbul olunmuşdu.

Yeni satış da tamamlanacağı təqdirdə Cənubi Koreyanın ümumi MH-60R parkı 36 helikopterə çatacaq.

Sualtı qayıq ovunda inkişaf etmiş sensorlar

“Sikorsky” tərəfindən hazırlanan MH-60R “Seahawk” ABŞ Hərbi Dəniz Qüvvələrinin sualtı qayıqlara qarşı mübarizə və suüstü döyüş tapşırıqlarında istifadə etdiyi əsas helikopter platforması kimi tanınır.

Helikopter aşağıdakı inkişaf etmiş sistemlərlə təchiz olunur:

- endirilə bilən aşağı tezlikli sonar,
- APS-153 çoxrejimli radar,
- yüngül torpedolar,
- AGM-114 “Hellfire” raketləri,
- “Link-16” taktiki məlumat bağlantısı,
- radioelektron əks-tədbir sistemləri.

Bu imkanlar sayəsində gəmilər öz gövdə sonarlarının məsafəsindən kənarda yerləşən sualtı təhdidləri aşkar edib zərərsizləşdirə bilir.

Əsas podratçı “Lockheed Martin” olacaq

Satışın yekun müqaviləyə çevrilməsi halında əsas podratçı kimi “Lockheed Martin Rotary and Mission Systems” çıxış edəcək.

Paketə əlavə olaraq 24 ədəd endirilə bilən sonar, 52 ədəd GPS/inerisial naviqasiya sistemi, gecəgörmə avadanlığı, raket xəbərdarlıq sensorları və çoxspektrli hədəfləmə sistemləri də daxil olacaq.

KDX esmineslərində və freqatlarda xidmət göstərəcək

MH-60R helikopterlərinin Cənubi Koreya Hərbi Dəniz Qüvvələrinin KDX sinfinə məxsus esminesləri və “Incheon” sinfinə məxsus idarəolunan raket freqatlarında xidmət göstərməsi planlaşdırılır.

Bu platformalar xüsusilə Şimali Koreyanın sualtı qayıq parkına və dənizdən gələ biləcək asimmetrik təhdidlərə qarşı Cənubi Koreyanın erkən aşkarlama və müdaxilə imkanlarını gücləndirəcək.

ABŞ ilə birgə əməliyyat qabiliyyəti artacaq

MH-60R-in ABŞ Hərbi Dəniz Qüvvələri ilə eyni sensor və missiya sistemlərinə malik olması iki ölkənin donanmaları arasında real vaxt rejimində hədəf paylaşımını və birgə sualtı mübarizə əməliyyatlarını asanlaşdıracaq.

Son təsdiqin Cənubi Koreyanın yalnız platforma sayını artırmaq deyil, həm də regional dəniz təhlükəsizliyi mühitinə uyğun yüksək texnologiyalı dəniz aviasiyası qabiliyyəti formalaşdırmaq məqsədini əks etdirdiyi bildirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Cənubi-Koreya   MH-60R-Seahawk  


Bizi "telegram"da izləyin