Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Şirkətin açıqlamasına görə, müqavilə çərçivəsində təhvil veriləcək sistemlərin sayı və müqavilənin dəyəri ictimaiyyətə açıqlanmayıb.
İlk müqavilə 2026-cı il aprelin 21-də Latviya Nazirlər Kabineti tərəfindən təsdiqlənib və Avropa İttifaqının SAFE (Security Action for Europe) maliyyələşdirmə mexanizmi çərçivəsində dəstək almaq hüququ qazanıb.
2025-ci ilin dekabr ayında yaradılmış çərçivə sazişinin yalnız Latviyanın uzunmüddətli tədarük planlarını təmin etmədiyi, eyni zamanda digər Avropa ölkələrinə də yeni tender prosesi başlamadan eyni mexanizm üzərindən BLAZE sistemi almaq imkanı yaratdığı bildirilib.
Qeyd olunub ki, bu struktur sayəsində müttəfiq ölkələr hökumətlərarası əməkdaşlıq modeli ilə antidron imkanlarını daha qısa müddətdə inventarlarına daxil edə biləcəklər.
“Origin Robotics”in həmtəsisçisi və baş direktoru Aqris Kipurs bildirib ki, bu sazişi həqiqətən vacib edən əsas məqam onun strukturudur.
“Bu saziş Latviyaya hər hansı tədarük boşluğu və ya yeni çatdırılma müddəti olmadan uzun illər ərzində BLAZE imkanlarını əldə etmək zəmanəti verir”, - deyə o qeyd edib.
Kipurs vurğulayıb ki, texniki tələblərin hər il yenidən müzakirə oluna bilməsi Latviyanın sistemin hər zaman ən aktual konfiqurasiyasını almasına imkan yaradacaq.
Məlumata görə, BLAZE sistemi radar əsaslı hədəf aşkarlanması, süni zəka dəstəkli görüntü emalı və operator nəzarətində avtonom uçuş imkanlarını birləşdirir. Sistemin düşmən pilotsuz uçuş aparatlarını, “gəzən sursat”ları və alçaq hündürlükdə hərəkət edən sürətli hava hədəflərini zərərsizləşdirmək üçün hazırlandığı bildirilib.
Daşına bilən quruluşa malik olan BLAZE sisteminin beş dəqiqədən qısa müddətdə yerləşdirilə bildiyi və yüksək intensivlikli əməliyyat mühitlərində istifadə üçün inkişaf etdirildiyi qeyd olunub. “Origin Robotics” ənənəvi müdafiə müqavilələrindən fərqli olaraq BLAZE sazişinin texniki xüsusiyyətləri sabitləşdirmədiyini vurğulayıb.
İllik texniki yeniləmələr sayəsində süni zəka, kompüter görməsi və sensor inteqrasiyası sahəsində əldə olunan inkişafların birbaşa yeni təhvil sistemlərinə tətbiq edilə biləcəyi bildirilib. BLAZE sisteminin tamamilə Latviyada layihələndirilib istehsal olunduğu və buna görə də Avropa İttifaqının SAFE meyarlarına uyğun yerli Avropa müdafiə sistemi hesab edildiyi açıqlanıb.
Şirkət bu xüsusiyyətin həm maliyyələşməyə çıxışı asanlaşdırdığını, həm də NATO-nun şərq cinahında sürətlə artan antidron ehtiyaclarının qarşılanmasına dəstək verdiyini bildirib. Latviyanın BLAZE sistemini sifariş edən və təhvil alan ilk Avropa ölkəsi olduğu qeyd olunub. Daha sonra Estoniya və Belçikanın da sistemi inventarına daxil etdiyi bildirilib.
“Origin Robotics”in məlumatına görə, bu üç ölkə döyüş başlıqlı tam avtonom önləyici pilotsuz uçuş aparatı sistemini istifadəyə qəbul edən ilk Avropa istifadəçiləri arasında yer alır. 2025-ci ilin may ayında təqdim edilən BLAZE sisteminin NATO standartlarına uyğun döyüş başlığı moduluna malik ilk NATO kodlu avtonom önləyici pilotsuz uçuş aparatı sistemlərindən biri olduğu vurğulanıb.
Şirkət digər müttəfiq ölkələrin də sistemi tədarük etdiyini və yeni müqavilələrin yaxın dövrdə açıqlanacağını bildirib.
Sevinc Əliyeva
Ordu.az