Pekin və Moskva mehriban qonşuluq haqqında müqavilənin müddətini uzadır

2026/05/1779257350.jpg
Oxunub: 512     10:08     20 May 2026    
Çin Xalq Respublikasının sədri Si Cinpin və Rusiya prezidenti Vladimir Putin Pekində başlayan görüş zamanı Rusiya-Çin Mehriban qonşuluq, dostluq və əməkdaşlıq haqqında müqaviləsinin müddətinin uzadılması barədə razılığa gəliblər.

Ordu.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Məlumata görə, hər iki lider həmin müqavilənin müddətinin uzadılmasını dəstəkləyib.

“Vladimir Putinlə birlikdə Çin Xalq Respublikası ilə Rusiya Federasiyası arasında Mehriban qonşuluq, dostluq və əməkdaşlıq haqqında müqavilənin müddətinin uzadılmasını yekdilliklə təsdiqlədik”, - deyə Si Cinpin daha sonra Pekində geniş tərkibli Rusiya-Çin danışıqlarını açarkən bildirib.

Çin lideri vurğulayıb ki, tərəflər onun və Vladimir Putin arasında əldə olunan razılaşmaları tam şəkildə həyata keçirməli və tarixi imkanlardan tam istifadə etməlidirlər ki, iki ölkə arasındakı qarşılıqlı fəaliyyətin təməli daha da möhkəm, əməkdaşlığın keyfiyyəti daha yüksək, möhkəm dostluq isə daha geniş olsun.

Onun sözlərinə görə, Moskva ilə Pekin arasındakı münasibətlər sürətli inkişaf yoluna çıxıb.

“Bu, iki ölkənin maraqlarından və qlobal inkişaf tendensiyalarından irəli gələrək verilmiş strateji seçimdir”, - deyə Si Cinpin bildirib.

Rusiya-Çin Mehriban qonşuluq, dostluq və əməkdaşlıq haqqında müqavilə 2001-ci ilin iyul ayında imzalanıb və Rusiya-Çin münasibətlərinin müxtəlif sahələrini əhatə edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pekin   Moskva  


Bizi "telegram"da izləyin