Bildirilir ki, təmaslar qeyri-müntəzəm xarakter daşıyır və hələlik nəticə verməyib. Eyni zamanda İsrail elan olunmuş atəşkəsə baxmayaraq Livan ərazisinə zərbələr endirməyə davam edir ki, bu da atəşkəs rejiminin faktiki pozulmasına işarə edir. Ümumilikdə regionun uzunmüddətli eskalasiya vəziyyətində qaldığı və gərginliyin daha da artması riskinin davam etdiyi vurğulanır.
Ordu.az çərşənbə gecəsi Yaxın Şərqdə baş verən əsas hadisələrin qısa icmalını təqdim edir.
Məlumata görə, ABŞ Hərbi Hava Qüvvələri İranla münaqişə zamanı ümumilikdə 42 uçuş aparatını itirib. Bu barədə ABŞ Konqresinin Tədqiqat Xidmətinin hesabatında qeyd olunub.
CNN telekanalının məlumatına görə, ABŞ Senatı prezident Donald Trampın hərbi səlahiyyətlərini məhdudlaşdıracaq qanun layihəsini təsdiqləyib.
“Senat prezident Donald Trampın hərbi səlahiyyətlərini məhdudlaşdırmağa yönəlmiş qanun layihəsini təsdiqləyib. Layihədə İrana qarşı gələcək istənilən hərbi əməliyyat üçün Konqresin məcburi təsdiqi nəzərdə tutulur”, - deyə məlumatda bildirilib.
ABŞ prezidenti Donald Tramp isə ölkəsinin İranla müharibəni tezliklə başa çatdıracağını bəyan edib.
“Düşünürəm ki, biz bunu çox tez bitirəcəyik və onların nüvə silahı olmayacaq”, - deyə Tramp Konqres üzvləri üçün təşkil olunan piknikdə çıxışı zamanı bildirib.
İran xarici işlər naziri Abbas Əraqçi isə mayın 20-də bəyan edib ki, hərbi əməliyyatlar yenidən başlayacağı halda Tehran Vaşinqtona yeni “sürprizlər” təqdim edə bilər.
Sevinc Əliyeva
Ordu.az