Ordu.az xəbər verir ki, bu barədə CNBC telekanalı məlumat yayıb.
Məlumata görə, İranla müharibə səbəbindən materialların dəyərinin artması fonunda ABŞ hökuməti daha ucuz sistemlərin əldə olunmasına çalışır.
ABŞ müdafiə nazirinin tədqiqat və mühəndislik üzrə müavininin ofisi “Shield AI” şirkətinin “Hivemind” adlı avtonom idarəetmə proqram təminatını LUCAS adlı aşağı xərcə malik pilotsuz kamikadze sistemlərinin idarə olunmasına inteqrasiya etdiyini açıqlayıb.
“Shield AI” şirkəti bildirib ki, süni zəka proqram təminatı hərbçilərə sürətlə dəyişən döyüş şəraitində LUCAS pilotsuz uçuş aparatlarının sürülərini koordinasiya etməyə və uyğunlaşdırmağa imkan verəcək.
Texnologiyanın platformalara insan müdaxiləsi olmadan fəaliyyət göstərmək, davranışlarını düzəltmək və qərar qəbul etmək imkanı yaratdığı qeyd olunub. “Shield AI” şirkətinin həmtəsisçisi və prezidenti Brendon Tsenq CNBC-yə müsahibəsində bildirib ki, bu yanaşma ABŞ vergiödəyiciləri üçün daha sərfəlidir.
Onun sözlərinə görə, hədəfin məhv edilməsi daha ucuz başa gəlir və bu, həm də hərbçilərin təhlükəsizliyini artırır.
Pentaqon və “Shield AI” razılaşmanın maliyyə şərtlərini açıqlamayıb. ABŞ hökumətinin İranla müharibə fonunda yeni texnologiyaları fəal şəkildə tətbiq etdiyi vurğulanıb.
Məlumata görə, İranın ucuz “Shahed” pilotsuz uçuş aparatları bahalı hərbi sistemləri məhv edir və müasir döyüş meydanının xarakterini dəyişir.
“Shield AI” kimi müdafiə texnologiyaları şirkətləri müxtəlif həllər təklif etsə də, onların texnologiyalarının hələ tam həcmdə istifadə olunmadığı qeyd edilib.
LUCAS sisteminin istisnalardan biri olduğu və İran ərazisində uğurlu tətbiqindən sonra ABŞ hökumətinin bu tip sistemlərdən daha çox almağı planlaşdırdığı bildirilib.
35 min dollar dəyərində olan pilotsuz uçuş aparatının Arizona ştatında yerləşən ABŞ şirkəti “SpektreWorks” tərəfindən istehsal olunduğu qeyd edilib. Bu aparatın məlumat mərkəzlərinə, səfirliklərə və hava limanlarına zərər vurmuş İran pilotsuz uçuş aparatlarının surəti olduğu bildirilib.
Brendon Tsenq hesab edir ki, süni zəka ilə idarə olunan ucuz hərbi sistemlər zamanla köhnəlmiş silahları əvəz edəcək. Bununla belə, onun fikrincə, bu keçid on ildən artıq vaxt apara bilər.
Sevinc Əliyeva
Ordu.az