Ordu.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Bakıda WUF13 çərçivəsində keçirilən "Şəhərlər bağlantılılığın mərkəzində: Şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda tədbirdə deyib.
C.Bayramov qeyd edib ki, yeni nəqliyyat dəhlizləri, dəmir yolları, avtomobil magistralları, enerji infrastrukturu və rəqəmsal şəbəkələr yenidənqurma ərazilərini daha geniş regional və beynəlxalq iqtisadi sistemlərə inteqrasiya edir:
“Bu investisiyalar mobilliyi, ticarəti, investisiyaları, turizmi və məşğulluğu artırmaqla yanaşı, regional qarşılıqlı asılılığı və uzunmüddətli sabitliyi gücləndirir.
Bu baxımdan onların təsiri Azərbaycanın sərhədlərini aşaraq Asiya ilə Avropa arasında bağlantını gücləndirir və daha geniş regional iqtisadi əməkdaşlığa töhfə verir.
Azərbaycan Trans-Xəzər Orta Dəhlizi və Şimal-Cənub Dəhlizinin əsas iştirakçılarından biri kimi multimodal bağlantı gündəliyini post-münaqişə strategiyasının ayrılmaz hissəsi kimi davamlı şəkildə təşviq edir”.
Nazir xatırladıb ki, 2025-ci ilin avqustunda qəbul edilmiş Vaşinqton Bəyannaməsi Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP) adlı yeni bağlantı xəttinin əsasını qoydu:
“Bu layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz multimodal əlaqəni təmin etməklə yanaşı, Asiya ilə Avropanı birləşdirən yeni strateji xətt yaradacaq.
Bu xətt dəmir yollarını, avtomobil magistrallarını, enerji kəmərlərini, elektrik ötürücü xətləri və fiber-optik kabelləri əhatə edəcək.
Eyni zamanda Horadiz-Ağbənd dəmir yolu və Türkiyənin yeni Qars-İğdır dəmir yolu xətti Zəngəzur dəhlizini tamamlayaraq Asiya ilə Avropa arasındakı bağlantıları daha da gücləndirəcək”.
Ordu.az