Gürcüstan rəsmisi: "Məcburi köçkünlər üçün mənzil proqramları davam etdirilir"

2026/05/Ekran-1779185610.jpg
Oxunub: 262     13:43     19 May 2026    
Gürcüstan hökuməti məcburi köçkünlər üçün mənzil proqramlarını davam etdirir.

Ordu.az xəbər verir ki, bunu Gürcüstanın Məkan və Şəhərsalma İnkişafı Agentliyinin rəhbərinin I müavini Tinatin Kolbaia Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Siyasətdən Təsirə: Mənzil Təminatının Miqyasının Artırılması" adlı tədbirdə bildirib.

"Ötən əsrin 90-cı illərində Gürcüstan əhalisinin 10 %-i məcburi köçkün statusunda idi. Çünki iki ərazi – bir Muxtar Respublika və digər region işğal olunmuşdu və bizim təxminən yarım milyon məcburi köçkünümüz var idi. 30 il ərzində biz həmin insanların kompensasiya və sığınacaq ehtiyacı ilə qarşı-qarşıya idik. Beləliklə, indiyə qədər hökumət kompensasiya mexanizmi kimi məcburi köçkünlər üçün mənzil proqramları həyata keçirir. Məcburi köçkünlər evlərlə təmin olunurlar. Həm paytaxt daxilində, həm də insanların yaşadıqları regionlarda özünümüdafiə (özünü təminetmə) proqramları da var", - deyə o qeyd edib.

Gürcüstan rəsmisi əlavə edib ki, hökumət dövlət qulluqçularını, xüsusən də hərbçiləri və polis işçilərini dəstəkləyir: "Onlar üçün mənzillər tikirlər. Bizim ekoloji miqrantlar üçün də fraqmentləşdirilmiş siyasətimiz var və şəhərlər daxilində, tarixi hissələrdə bərpa (regenerasiya) proqramlarımız var. Hökumət dövlət-özəl tərəfdaşlığı ilə köhnəlmiş (dəyərdən düşmüş) evlərin dəyişdirilməsini və insanlara yeni evlərin verilməsini dəstəkləyir. Bununla belə, etiraf etməliyəm ki, bu siyasət həqiqətən çox fraqmentləşdirilmiş və çox bəsitdir, bizə vahid bir siyasət lazımdır. Gürcüstan mənzil ehtiyacı ilə üz-üzədir. 2024-cü ildə, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) köməyi ilə biz şəhər forumunu mənzil təminatına həsr etdik və bəyannamə ilə vahid şəhərsalma siyasəti üçün ədalətli çərçivə hazırlamağı öhdəmizə götürdük".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   WUF13  


Bizi "telegram"da izləyin