Ordu.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti ABŞ kəşfiyyatının qiymətləndirmələri ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, bazalar müxtəlif səviyyədə zərər görsə də, yenidən fəaliyyət göstərir və boğazda yerləşən ABŞ hərbi gəmiləri ilə neft tankerləri üçün birbaşa təhlükə yaradır.
ABŞ kəşfiyyatının məlumatlarında qeyd olunur ki, İran ölkə üzrə yerləşən buraxılış qurğularının təxminən 70%-ni, həmçinin müharibədən əvvəlki raket arsenalının təxminən 70%-ni qoruyub saxlaya bilib.
Söhbət region ölkələrini vurmağa qadir olan ballistik raketlərdən, eləcə də quru və dənizdə yaxın məsafəli hədəflərə qarşı istifadə oluna bilən qanadlı raketlərdən gedir.
Peyk görüntüləri və digər müşahidə vasitələri göstərir ki, İran yeraltı raket anbarları və buraxılış qurğularının təxminən 90%-nə nəzarəti də bərpa edib.
NYT qeyd edir ki, bu kəşfiyyat məlumatları ABŞ Prezidenti Donald Tramp və Pentaqon rəhbəri Pit Heqsetin İran ordusunun “tamamilə məhv edildiyi” və artıq “təhlükə yaratmadığı” barədə açıqlamaları ilə ziddiyyət təşkil edir.
Bundan əvvəl “NBC News”un mənbələri İranın ABŞ ilə atəşkəs rejimindən hərbi potensialını, o cümlədən raket və pilotsuz uçuş aparatı sistemlərini bərpa etmək üçün istifadə etməyə qərar verdiyini bildirmişdi.
CNN isə peyk görüntülərinə istinadən yazıb ki, İran hərbçiləri raket qurğularının yerləşdiyi yeraltı anbarların girişlərini bağlayan dağıntıları təmizləməklə məşğuldur.
Məlumata görə, hərbi əməliyyat zamanı ABŞ və İsrail İran bazalarının girişlərinə xüsusi zərbələr endirərək Tehranın həmin raketləri yeraltından çıxarma imkanını məhdudlaşdırmağa çalışıb.
CNN mənbələrinin bildirdiyinə görə, Donald Tramp İranla danışıqlardan getdikcə daha çox məyus olur və genişmiqyaslı hərbi əməliyyatların bərpasını ciddi şəkildə nəzərdən keçirir.
“NBC News”un məlumatına əsasən, atəşkəs başa çatacağı halda Pentaqon İran əleyhinə “Epik qəzəb” əməliyyatını davam etdirməyi və ona “Çəkic” adını verməyi planlaşdırır.
Eyni zamanda Tehran ABŞ ilə danışıqlara yalnız “etimadın möhkəmləndirilməsi üzrə beş şərt” yerinə yetiriləcəyi təqdirdə hazır olduğunu açıqlayıb.
“Fars” agentliyinin məlumatına görə, həmin şərtlər sırasında bütün cəbhələrdə müharibənin dayandırılması, sanksiyaların ləğvi, İranın dondurulmuş vəsaitlərinin azad edilməsi, müharibənin vurduğu ziyanın ödənilməsi və Hörmüz boğazı üzərində İranın suverenliyinin tanınması yer alır.
Donald Tramp isə daha əvvəl bu təklifləri “zəif” və “cəfəngiyat” adlandıraraq onları “sona qədər belə oxumadığını” bildirib.
Sevinc Əliyeva
Ordu.az