Ordu.az xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli layihənin təqdimat mərasimində deyib.
O bildirib ki, layihə Azərbaycanın 13 bölgəsində həyata keçiriləcək:
"Layihənin məqsədi məktəblilər və gənclər arasında Qərbi Azərbaycanın tarixi-mədəni irsi barədə maarifləndirməni gücləndirmək, regionun 68 əsas tarixi abidəsi haqqında bilikləri artırmaq, şagirdlərin yaradıcılıq, tədqiqat və təqdimat bacarıqlarını inkişaf etdirməkdir".
Ə.Ələkbərli vurğulayıb ki, müsabiqə çərçivəsində tarixi-mədəni irsin qorunmasına dair ictimai şüurun artırılması, Qərbi Azərbaycanın zəngin irsinin ümumazərbaycan və ümumtürk mədəniyyətinin ayrılmaz hissəsi kimi təbliği, eləcə də məktəblilər arasında memarlıq, şəhərsalma, tarix və ekologiya sahələrinə marağın artırılması nəzərdə tutulur.
Müsabiqənin hazırlıq mərhələsində məktəblərdə Qərbi Azərbaycanın tarixi, mədəni irsi və memarlıq nümunələri ilə bağlı maarifləndirici görüşlər və təqdimatlar keçiriləcək. Yekun-final mərhələsinə təqdim olunan işlər münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Final mərhələsində hər bölgə üzrə seçilmiş 4-5 tarixi abidə ilə bağlı işlərin təqdim olunması əsas şərtlərdəndir. Müsabiqənin sonunda qaliblər mükafatlandırılacaq və seçilmiş işlərdən ibarət sərgi təşkil olunacaq.
Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, layihənin rəhbəri Məlahət İbrahimqızı xalq tarixboyu yaşadığı torpaqlarda böyük çətinliklərə və işgəncələrə məruz qalsa da, doğma yurd sevgisinin heç zaman unudulmadığını qeyd edib:
"Bizim tariximiz, əsrlərboyu formalaşan milli-mədəni irsimiz və ata-baba yurdlarımızla bağlı xatirələr bu gün də xalqımızın mənəvi dayağıdır. Qarşımızda duran əsas vəzifələrdən biri də bu zəngin irsi qorumaq, daha dərindən öyrənmək və gələcək nəsillərə çatdırmaqdır".
Qeyd edilib ki, müsabiqədə iştirak dövrü ilin sonuna qədər davam edəcək.
Sonra tədbir müzakirələrlə davam edib.
Ordu.az