Ordu.az xəbər verir ki, KİV-lər əsasən mayın 11-i axşam saatlarında Bruklində yerləşən “Young Israel of Midwood” sinaqoqunun yaxınlığında baş verən hadisələr barədə məlumat yayıb.
Həmin ərazidə İsraildə və Yəhudiya-Samariya yaşayış məntəqələrində daşınmaz əmlak satışı ilə bağlı tədbir keçirilirdi.
Fələstin tərəfdarı fəallar bildirilər ki, onlar “oğurlanmış Fələstin torpaqları”nın satışına qarşı etiraz aksiyası keçirirlər.
Yerli sakinlər və İsrail tərəfdarı nümayişçilər isə sinaqoqun yaxınlığında baş verənləri yəhudi icmasının qorxudulması kimi qiymətləndiriblər.
NY1 kanalının məlumatına görə, Midvudda binanın qarşısına yüzlərlə insan toplaşıb, polis küçələri bağlayaraq baryerlər quraşdırıb.
“New York Post” yazır ki, hadisə yerindən yayılan videolarda aksiyanın iştirakçılarından birinin yəhudi qadının saçını dartdığı, digər bir şəxsin isə ortodoks geyimində olan oğlanın üzünə stroboskop tutduğu görünür.
Qəzetin məlumatına əsasən, dörd nəfər hücum, ictimai asayişi pozma, əşya atma və avtomobilə zərər vurmaq ittihamı ilə saxlanılıb.
“Brooklyn Paper” də dörd nəfərin saxlanıldığını yazıb.
Onların arasında qadının saçını dartmaqda ittiham olunan Fələstin tərəfdarı fəal və yumurta atmaqda ittiham olunan iki İsrail tərəfdarı iştirakçı da var.
“Jerusalem Post”un məlumatına görə, “Young Israel of Midwood” yaxınlığındakı aksiyanı “PAL-Awda NY/NJ” qrupu təşkil edib.
Nümayişçilər “Great Israeli Real Estate” tədbirinin keçirildiyi binanın qarşısına toplaşaraq Fələstin Azadlıq Təşkilatının bayraqlarını, həmçinin ən azı bir “Hizbullah” bayrağını dalğalandırıblar.
“New York Post” yazır ki, ABŞ Ədliyyə Nazirliyi Bruklindəki sinaqoq yaxınlığında baş verən hadisələrlə bağlı federal ittihamların irəli sürülməsi imkanını nəzərdən keçirir.
ABŞ baş prokurorunun mülki hüquqlar üzrə köməkçisi Harmit Dhillon bildirib ki, qurum materialları araşdırır və federal qanunvericiliyin pozulması halları aşkarlanarsa, işə müdaxilə edə bilər.
Nyu-York Polis Departamenti həmin əraziyə təxminən 400 polis əməkdaşının göndərildiyini açıqlayıb.
Nyu-York polis rəhbərliyi həm təhlükəsizliyin, həm də etiraz hüququnun təmin edilməsinin vacibliyini vurğulayıb.
Midvuddakı aksiya son bir həftə ərzində Nyu-Yorkda yəhudi obyektlərinin yaxınlığında keçirilən ikinci analoji etiraz olub.
Mayın 5-də Fələstin tərəfdarı fəallar Manhettendə yerləşən “Park East” sinaqoqunun yaxınlığında da etiraz aksiyası keçiriblər.
Həmin vaxt orada İsrail daşınmaz əmlakı ilə bağlı tədbir təşkil olunurdu.
O zaman sinaqoqun yaxınlığında təxminən yüz Fələstin tərəfdarı nümayişçi toplaşıb.
Binaya yaxınlaşmaq cəhdlərindən sonra İsrail tərəfdarı nümayişçilərlə polis arasında toqquşmalar baş verib.
“New York Post” qeyd edib ki, Nyu-York meri Zoharan Mamdani həmin vaxt tədbirə qarşı etiraz edənlərin hüququnu dəstəkləyib, eyni zamanda antisemitizmi pislədiyini bildirib.
Sevinc Əliyeva
Ordu.az