Axalsıxda naməlum şəxslər erməni kilsəsindən ikonaları çıxararaq zibil qutusunun yanına qoyublar

2026/05/1778663247.jpg
Oxunub: 339     12:59     13 May 2026    
Axalsıxın Marda məhəlləsində yerləşən kilsələrdən birindən ikonalar çıxarılaraq zibil qutusunun yanına qoyulub.

Ordu.az xəbər verir ki, bu barədə Gürcüstan KİV-ləri məlumat yayıb.

Məlumata görə, hadisə mayın 11-dən 12-nə keçən gecə baş verib.

Növbəti gün sakinlər ikonaları yenidən məbədə qaytarıblar.

Faktla bağlı Gürcüstan Daxili İşlər Nazirliyi Cinayət Məcəlləsinin 155-ci maddəsi (dini ayinlərin icrasına qanunsuz maneə törədilməsi) ilə araşdırmaya başlayıb.

Bildirilir ki, həmin məbəd artıq uzun illərdir Pravoslav və Erməni Apostol kilsələri arasında mübahisə mövzusudur və burada artıq dini mərasimlər keçirilmir.

Erməni Apostol Kilsəsinin din xadimi keşiş Hakob Sahakyan ikonaların kim tərəfindən və hansı məqsədlə məbəddən çıxarıldığını bilmədiyini deyib.

“Mən də axşam orada idim. Böyük ehtimalla bu hadisə gecə saat ikidən sonra baş verib. Hər şey, ikonalar və digər əşyalar çölə çıxarılmışdı. Onların üstünə zibil tökülmüşdü. İkonalar çox pis vəziyyətdə idi. Biz hər şeyi geri qaytarıb yerinə düzdük. Bunu kimin etdiyini bilmirik. Normal insan belə hərəkət etməzdi”, - deyə o, “Sknews.ge”yə açıqlamasında bildirib.

Məlumata görə, yaxınlıqdakı evlərin sakinləri ikonaları mayın 12-si səhər saatlarında zibili atmağa çıxarkən zibil qutularının yanında görüblər. Onlar ikonaları məbədə qaytarıb, həmçinin din xadimlərinə və hüquq-mühafizə orqanlarına məlumat veriblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Axalsıx   Kilsə   İkona  


Bizi "telegram"da izləyin