PUA-ların hücumu zamanı Həştərxan yaxınlığındakı “Qazprom” zavodu və Uralın ən böyük neft stansiyası yanıb

2026/05/1778662829.jpg
Oxunub: 508     12:48     13 May 2026    
Mayın 13-də Rusiyanın yanacaq-enerji kompleksinə aid bir neçə obyektdə yanğın baş verib.

Ordu.az xəbər verir ki, səhər saatlarında regionun qubernatoru İqor Babuşkin “Qazprom Pererabotka” şirkətinə məxsus Həştərxan Qaz Emalı Zavoduna pilotsuz uçuş aparatları ilə hücum edildiyini açıqlayıb.

Müəssisə Rusiyanın ən iri müəssisələrindən biri hesab olunur.

Qubernatorun sözlərinə görə, hücumun qarşısı alınıb, lakin vurulan pilotsuz uçuş aparatlarının qalıqları “yanğına səbəb olub”.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Həştərxan Qaz Emalı Zavodu 2024-cü ildə 0,8 milyon ton benzin, 0,6 milyon ton dizel yanacağı və 0,3 milyon ton mazut istehsal edib.

Müəssisə eyni zamanda Rusiyada qaz kükürdünün ən böyük istehsalçısı hesab olunur.

Bundan əvvəl müəssisə 2025-ci ilin sentyabrında pilotsuz uçuş aparatlarının hücumuna məruz qalmış və bundan sonra mühərrik yanacağı istehsalını dayandırmağa məcbur olmuşdu.

Başqırdıstanda da Ufa yaxınlığında yerləşən “Nurlino” xətti istehsalat-dispetçer stansiyasında yanğın baş verib.

Bu, “Transneft” şirkətinin Ural regionundakı ən böyük stansiyası hesab olunur.

Ukraynanın “Exilenova+” resursu yerli sakinlərə istinadən yazıb ki, yanacaq anbarı alışıb.

Şahidlərin yaydığı görüntülərə əsasən, stansiyanın üzərində nəhəng tüstü sütunu yüksəlir.

Fövqəladə Hallar Nazirliyi bildirib ki, stansiyada “texnoloji prosesin pozulması” nəticəsində partlayış baş verib və bu da yanğına səbəb olub.

“Ufa1” portalının məlumatına görə, hadisə nəticəsində üç nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır və yanıq xəsarətləri alıblar.

“Nurlino” stansiyası Ust-Balık-Kurqan-Ufa-Almetyevsk magistral neft kəmərlərinin əsas qovşağıdır.

Stansiya neftin qəbulu, saxlanması, qarışdırılması və sonrakı ötürülməsini təmin edir.

Bundan əlavə, Ukrayna pilotsuz uçuş aparatlarının hücumu və onların qalıqlarının düşməsi nəticəsində Kubanın Temryuk rayonunun Volna qəsəbəsində yerləşən “müəssisələrdən birinin ərazisində” yanğın baş verib.

Krasnodar diyarının operativ qərargahının məlumatına görə, yanğının söndürülməsinə 96 mütəxəssis və 29 texnika cəlb olunub.

Hakimiyyət nümayəndələrinin sözlərinə görə, “avadanlıq alışıb”.

Hadisə nəticəsində bir nəfər xəsarət alıb.

Pilotsuz uçuş aparatlarının qalıqları qonşu Taman qəsəbəsində də aşkar edilib.

Volna qəsəbəsində Qara dənizdə yerləşən “Taman” limanının neft məhsulları və quru yük terminalları yerləşir.

Burada ixrac üçün nəzərdə tutulan yanacağın daşınması həyata keçirilir.

Bundan əvvəl də “Taman” limanı dəfələrlə pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.

Bundan başqa, Yaroslavl vilayətinin qubernatoru Mixail Yevrayev pilotsuz uçuş aparatının qalıqlarının sənaye obyektlərindən birinin üzərinə düşdüyünü bildirib.

“Bu gün səhər hava hücumundan müdafiə sistemləri və radioelektron mübarizə vasitələri ilə Yaroslavl yaxınlığında Ukrayna pilotsuz uçuş aparatlarının hücumunun qarşısı alınıb. Pilotsuz uçuş aparatlarının böyük hissəsi vurulub, lakin qalıqlardan biri şəhərin sənaye obyektlərindən birinin üzərinə düşüb. Xəsarət alan yoxdur”, - deyə o, “Telegram” kanalında yazıb.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ötən gecə Moskva vaxtı ilə saat 07:00-dək hava hücumundan müdafiə sistemləri və radioelektron mübarizə qüvvələri Belqorod, Bryansk, Voronej, Kursk, Rostov, Tambov, Yaroslavl, Oryol, Tula, Kaluqa, Ryazan, Həştərxan vilayətlərində, Kubanda, Kalmıkiyada, Krımda, həmçinin Azov və Qara dəniz akvatoriyalarında 286 Ukrayna pilotsuz uçuş aparatını məhv edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: PUA   Həştərxan   Qazprom  


Bizi "telegram"da izləyin