Respublikaçı senatorlar Trampa Kubaya zərbə endirməkdən çəkinməyi tövsiyə edirlər

2026/05/1778608831.jpg
Oxunub: 430     21:47     12 May 2026    
Senatın respublikaçıları Prezident Trampa Kubanın sosialist rejiminə hərbi zərbələr endirmək barədə əmrdən uzaq durmağa çağırıblar.

Ordu.az xəbər verir ki, bu barədə “The Hill” məlumat yayıb.

Onlar bunu ABŞ Silahlı Qüvvələrinin resurslarının artıq İranla münaqişədə maksimum dərəcədə səfərbər olunması ilə əsaslandırırlar.

Qanunvericilərə görə, Tramp administrasiyası hətta aralıq seçkilər ili olsa belə, yeni “ikinci cəbhə” açmağı düşünməməlidir. Seçicilər onsuz da İran müharibəsindən narazılıq bildirirlər. Qanunvericilər hesab edirlər ki, həm ölkənin, həm də administrasiyanın əsas prioriteti İran müharibəsindən çıxış yolu tapmaq olmalıdır.

Senatın çoxluq lideri Con Tün bildirib ki, İranla münaqişə milli təhlükəsizliyin ən vacib məsələsi olaraq qalır.

“Biz indi cari vəziyyətə, yəni Hörmüz boğazının blokadadan çıxarılması cəhdlərinə fokuslanmışıq”, - deyə o vurğulayıb.

Xəbərdarlıqlara baxmayaraq, Kuba çoxdan Tramp administrasiyasının “hədəfində”dir. Bu ayın əvvəlində Tramp ABŞ qüvvələrinin Kubanı “demək olar ki, dərhal” ələ keçirəcəyini bildirmiş, ada sahilləri yaxınlığında aviadaşıyıcı zərbə qrupunun yerləşdirilməsi ehtimalını da istisna etməmişdi.

Respublikaçılar prezidentə diqqəti dünya neft tədarükünün 20 faizinin keçdiyi Hörmüz boğazında gəmiçiliyin bərpasına yönəltməyi tövsiyə edirlər. Əməkdaşlığın iflic olması səbəbindən enerji daşıyıcılarının qlobal qiymətləri kəskin artıb, ABŞ-də isə benzin qiymətləri sürətlə yüksəlir.

Əsas senatorların mövqeləri:

Con Tün rejimin sanksiyalar və dəniz blokadası təzyiqi altında “təbii” çökməsinə üstünlük verir, birbaşa hərbi gücə yox.

Ceyms Lenkfard hərbi kampaniyaya qəti şəkildə qarşı çıxaraq iqtisadi təzyiqə “öz işini görməyə” imkan verilməli olduğunu deyib.

Rand Pol Kuba ilə müharibənin səhv olacağını xəbərdarlıq edib. Onun sözlərinə görə, Kubanın səfiri Havananın danışıqlara və ABŞ sərmayələrinə hazır olduğunu göstərib.

Senatorlar ABŞ qoşunlarının artıq həddən artıq yayılmasından narahatdırlar. İran əleyhinə hərbi əməliyyatlar Trampın ilkin qiymətləndirmələrindən xeyli uzun - 4-5 həftədən artıq davam edir.

Keçən ay respublikaçılar demokratların “Hərbi səlahiyyətlər haqqında qanun” çərçivəsində Trampa Kubaya qarşı qoşun istifadəsini qadağan edən qətnaməsini bloklamışdılar. Lakin indi partiya daxilində əhval-ruhiyyə dəyişməyə başlayır. Senatorlar Syuzan Kollinz və Rand Pol artıq açıq şəkildə müdaxiləyə qarşı çıxır, digər nüfuzlu respublikaçılar isə hərbi əməliyyatların genişlənməsinə skeptik yanaşırlar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Kuba  


Bizi "telegram"da izləyin