Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Malayziyanın müdafiə naziri Datuk Seri Mohamed Xaled Nordin bildirib ki, Norveç Malayziya Kral Donanmasına məxsus Sahil Döyüş Gəmiləri (LCS) üçün 2018-ci ildə sifariş edilən raketlərin təhvilini dayandırıb və bu, ölkədə “şok effekti” yaradıb.
Nazir Xaled qeyd edib ki, bu il mart ayında təhvil verilməsi planlaşdırılan raketlər Norveç hökumətinin göndərişdən cəmi bir neçə gün əvvəl ixrac lisenziyasını təsdiqləməkdən imtina etməsi nəticəsində dayandırılıb. “Malay Mail”in məlumatına görə, həmin raketlər Malayziyanın yeni nəsil LCS donanması ilə yanaşı KD “Jebat” və KD “Lekiu” döyüş gəmilərində istifadə olunmaq üçün alınıb.
Malayziyanın müdafiə naziri Xaled bildirib: “Təhvilə bir neçə gün qalmış, heç bir xəbərdarlıq edilmədən Norveç hökuməti bizə məhsullar üçün ixrac lisenziyasını təsdiqləməyəcəyini bildirdi. Səkkiz ildən sonra gələn bu qərar sarsıdıcı oldu və bizə birbaşa təsir etdi”.
Kuala-Lumpur rəhbərliyi problemi həll etmək üçün baş nazirlər və xarici işlər nazirləri səviyyəsində diplomatik təşəbbüslərə başlayıb. Xaled bu ayın sonunda Sinqapurda norveçli həmkarı ilə görüşə biləcəyini bildirib: “Ona təkcə çaşqın olduğumuzu deyil, bu davranışın iki ölkə arasındakı yaxşı münasibətləri əks etdirmədiyini də deyəcəyəm”.
“Qərar tamamilə hökumətə aiddir”
Norveçin müdafiə nəhəngi “Kongsberg Defence & Aerospace” AS (KDA) gəmilər üçün tədarük ediləcək “Naval Strike Missile” (NSM) raketləri ilə bağlı ixrac lisenziyası qərarlarının tamamilə Norveç qurumları tərəfindən verildiyini açıqlayıb. Şirkət sözçüsü İvar Simensen firmanın Norveç hökumətinin hüquqi çərçivələrinə ciddi şəkildə riayət etdiyini və konkret lisenziya məsələləri barədə şərh verməyəcəklərini bildirib. Norveç Xarici İşlər Nazirliyinin ixrac nəzarətini sərtləşdirmə siyasətini əsas gətirərək müəyyən texnologiyalarla bağlı ixrac lisenziyalarını ləğv etdiyi bildirilir.
KDA-nın məlumatına görə, Malayziya Kral Donanması ilə şirkət arasında 2018-ci ilin aprelində imzalanan və altı yeni LCS gəmisini təchiz etməyi hədəfləyən sazişin dəyəri təxminən 124 milyon avro (571,9 milyon Malayziya ringgiti) olub. Malayziya bu strateji silahın çatışmazlığı səbəbindən donanma modernizasiyasında ciddi planlaşdırma problemi ilə üz-üzə qalıb.
Sevinc Əliyeva
Ordu.az