Putin-Tramp qarşıdurması dərinləşir: İlk geri çəkilən kim olacaq?

2026/05/1778516093.jpg
Oxunub: 562     20:04     11 May 2026    
Rusiya Prezidenti Vladimir Putin Moskvanın İranın nüvə proqramı ətrafındakı böhranı həll etmək üçün “logistika mərkəzinə çevrilmək” cəhdinə dair məlumatı təsdiqləyib. Sadə desək, o, İranın zənginləşdirilmiş uran ehtiyatlarının Rusiyaya daşınmasını təklif edib. Bu barədə “Israel Inside” yazıb.

Putin detalları açıqlayaraq bildirib ki, həmin sxem əvvəlcə bütün tərəfləri qane edib, lakin sonradan “Amerika administrasiyası razılaşmadan geri çəkilib”. Vaşinqton qəti şəkildə tələb edib ki, İranın bütün nüvə materialları yalnız ABŞ ərazisinə çıxarılsın. Bu da gözlənildiyi kimi, Tehranın mövqeyini daha da sərtləşdirib.

“Israel Inside”in məlumatına görə, ABŞ Prezidenti Donald Tramp bu məsələni Putinlə son bir saat yarım çəkən telefon danışığı zamanı müzakirə etdiyini təsdiqləyib və İranın nüvə ehtiyatlarını nəzarət altına almaq barədə Kreml təşəbbüsünü rədd edib. Əvəzində o, Putinə “cəhdlərini Ukraynada müharibəni dayandırmağa yönəltməyi” təklif edib və bunun “daha vacib məsələ” olduğunu vurğulayıb.

Müxtəlif mənbələrin təsdiqlədiyinə görə, İran da bir daha nüvə proqramını 10 və ya 20 il müddətinə dondurmaq, zənginləşdirilmiş uran ehtiyatlarını ABŞ-yə təhvil vermək barədə Amerika təkliflərini rədd edib. Bir gün əvvəl Rusiya Prezidentinin köməkçisi Uşakov əminliklə bildirib ki, Ukrayna nizamlanması üzrə ABŞ nümayəndələri Uitkof və Kuşner “yaxın vaxtlarda Moskvaya gələcəklər”.

Əgər İran ABŞ təkliflərini rədd edibsə, Donald Tramp da bu məsələdə “qələbə kartı” ilə Pekinə getməyə hazırlaşırdısa, Vaşinqtonun Ukraynada müharibəni dayandırmaq üçün vasitəçilik fəaliyyətini gücləndirməsi çətin görünür.

Diqqətçəkəndir ki, demək olar paralel olaraq “The New York Times” ABŞ hərbi ekspertlərinə istinadən yazıb ki, Donbasın qalan hissəsini ələ keçirmək üçün müharibə eyni templə davam edərsə, Rusiyanın “daha otuz il döyüşməsi lazım gələcək”.

Moskvada hesab edirlər ki, Tramp “Zelenskini inandıra bilər ki, qoşunlarını Donbassdan çıxarsın”. Görünür, Vaşinqtonda da eyni məntiqlə inanırlar ki, Rusiya İranı inandıra bilər ki, zənginləşdirilmiş uran ehtiyatlarını ABŞ-yə təhvil versin.

Putin-Tramp diplomatik “oyun”unda kimin əsəbləri birinci dözməyəcək? Vəziyyət hər ikisi üçün “taleyüklü”dir, sentyabrda Dövlət Dumasına, noyabrda isə Konqresə aralıq seçkilər keçiriləcək.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Tramp  


Bizi "telegram"da izləyin