Ukraynanın HHM raketləri tükənmək üzrədir

2026/05/1778243291.jpg
Oxunub: 373     15:28     11 May 2026    
Ukrayna Hərbi Hava Qüvvələri artan Rusiya hücumları və qlobal təchizat problemləri səbəbindən hava hücumundan müdafiə raketləri ehtiyatlarının tükənmə həddinə çatdığını açıqlayıb.

Ordu.az xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələri verdiyi açıqlamada Rusiyanın intensiv qış hücumlarından sonra hava hücumundan müdafiə raketlərinin tükəndiyini və mümkün yeni hücumlara qarşı hazırlıq görüldüyünü bildirib.

“Ukrinform” xəbər agentliyinin yaydığı məlumata görə, Hərbi Hava Qüvvələrinin sözçüsü Yurii İhnat deyib: “Bu gün müəyyən bölmələrə və batareyalara ayrılmış buraxılış qurğuları yarıbayarı boşdur, bu, ən yumşaq ifadədir. Onların raketləri məhdud saydadır”.

Ukrayna uzun mənzilli Rusiya pilotsuz uçuş aparatlarını vurmaq üçün önləyici pilotsuz uçuş aparatları, mobil elementlər və radioelektron mübarizə sistemləri də daxil olmaqla, yerli olaraq hazırlanmış texnologiyalardan istifadə edir. Lakin raketlə qarşısının alınması məsələsinə gəlincə, böyük ölçüdə xarici hava hücumundan müdafiə sistemlərindən asılı qalır.

Dörd ildən artıqdır davam edən müharibə ərzində Ukrayna müttəfiqlərindən gələn hava hücumundan müdafiə sistemlərinin təhvilində gecikmələr və fasilələrlə üzləşib. “Reuters”in məlumatına görə, həmin sistemlər hazırda ABŞ və İsrailin İranla müharibəsində də intensiv şəkildə istifadə olunduğundan, Ukrayna artan təchizat təzyiqi altında qalıb.

Məhz buna görə də İhnat məsələ ilə bağlı bildirib: “Bu gün bəzi təchizat problemlərinə görə raket qıtlığı yaşayırıq”. Sözçü əlavə edib ki, Ukrayna NASAMS və IRIS-T kimi sistemlər üçün müttəfiqlərindən bir dəfəyə cəmi 5-dən 10-a qədər az sayda raket istəmək məcburiyyətində qalır.

Ukraynaya F-16 döyüş təyyarələri üçün simulyator təhvili

Ukrayna Müdafiə Nazirliyinin 2026-cı il aprelin 30-da yaydığı məlumata görə, Ukrayna Hərbi Hava Qüvvələri pilotların müxtəlif məkanlarda təlim keçməsinə və vəzifə hazırlığı görməsinə imkan verəcək mobil F-16 uçuş simulyatorlarını təhvil alıb.

Açıqlamada bildirilib ki, simulyatorlar pilotların Ukrayna üzərində döyüş zamanı qarşılaşa biləcəyi relyef və hava şəraitini tam şəkildə təqlid edəcək formada proqramlaşdırılıb. Müdafiə naziri Mixail Fedorov isə həmin simulyatorların bir nöqtədən digərinə daşına bildiyini və bunun sayəsində müxtəlif bazalarda çevik şəkildə istifadə oluna bildiyini qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   HHM   Raket  


Bizi "telegram"da izləyin