Ermənistan müdafiə nazirinin müavini Hindistanla birgə hərbi texnika hazırlanmasından danışıb: “Ölkəmiz münasibətlərini diversifikasiya edir”

2026/05/1778313368.jpg
Oxunub: 396     11:42     09 May 2026    
“Hamı üçün aydındır ki, Ermənistan münasibətlərini diversifikasiya edir və bu kontekstdə müdafiə siyasəti sahəsində də diversifikasiya baş verir”.

Ordu.az xəbər verir ki, bunu bu gün jurnalistlərlə söhbətində Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyan Ermənistan və Hindistanın birgə hərbi texnika hazırlamasına dair məlumatları şərh edərkən bildirib.

“Burada yeni heç nə yoxdur, bu, hərbi imkanlarımızı inkişaf etdirmək və təkmilləşdirmək məqsədilə həyata keçirilir.

Əgər bizim Hindistanla münasibətlərimiz varsa və onlar müsbət dinamika ilə inkişaf edirsə, təbii ki, bu çox yaxşıdır. Çünki siz də görürsünüz ki, yüksək səviyyəli səfərlər baş tutur. Bu təqdirəlayiqdir və Ermənistanın maraqlarına uyğundur. Biz qapanmış şəkildə, öz problemlərimizə bürünərək qalmamalıyıq və bu baxımdan nə qədər çox dövlətlə, o cümlədən Avropa və digər ölkələrlə əməkdaşlıq etsək, Ermənistanda sülhün hökm sürməsini istəyən və müdafiə qabiliyyətlərimizin inkişafına töhfə verən tərəflərlə münasibətlərimizi bir o qədər inkişaf etdirməliyik”, - deyə o bildirib.

“Bu, mövcud tərəfdaşlarla, xüsusilə Rusiya ilə münasibətlər hesabına baş vermirmi?” sualına erməni nazir müavini belə cavab verib:

“Heç kəslə münasibətlər başqa birinin hesabına qurulmur. Diversifikasiya həyata keçirilir ki, bu da Ermənistanın müdafiə qabiliyyətlərinin inkişafı naminə bütün mümkün vasitələrdən istifadə edilməsini nəzərdə tutur. Heç bir dövlətlə münasibətlər başqa bir dövlətin hesabına inkişaf etdirilmir”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hindistan  


Bizi "telegram"da izləyin