Mayın 9-u səhərə olan vəziyyətə əsasən Yaxın Şərqdə əsas hadisələr

2026/05/1778044620.jpg
Oxunub: 525     09:24     09 May 2026    
Yaxın Şərqdə vəziyyət gərgin və qeyri-sabit olaraq qalır. İran və ABŞ arasında danışıqlarla bağlı İslamabadda yayılan xəbərlər yalnız dialoq qurmaq cəhdlərini əks etdirir. Məlumata görə, təmaslar qeyri-müntəzəm xarakter daşıyır və indiyədək nəticə verməyib.

Eyni zamanda İsrail elan edilmiş atəşkəsə baxmayaraq Livan ərazisinə zərbələr endirməyə davam edir ki, bu da atəşkəs rejiminin faktiki pozulmasını göstərir. Ümumilikdə region uzunmüddətli eskalasiya vəziyyətində qalır və daha da gərginləşmə riskləri davam edir.

Ordu.az şənbə gecəsi Yaxın Şərqdə baş verən əsas hadisələrin qısa xülasəsini təqdim edir.

- ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının sədri Si Cinpin Pekində keçiriləcək genişmiqyaslı sammitə hazırlaşırlar. Bu fonda Yaxın Şərqdəki münaqişənin nizamlanması ilə bağlı ABŞ və Çin arasında mümkün razılaşma barədə müzakirələr artır. Bu barədə “Bild” nəşri yazıb.

Tramp NATO müttəfiqlərinin mövqeyindən məyus olduğu üçün faktiki olaraq Çinə əsas vasitəçi rolunu üzərinə götürmək imkanı yaradıb.

Pekinin əsas marağı Hörmüz boğazının blokadadan çıxarılması olaraq qalır. Belə ki, Çin İran neft ixracının 90 faizinə qədərini istehlak edir və bu marşrutun sabitliyi Çin iqtisadiyyatı üçün həyati əhəmiyyət daşıyır.

- BMT-də İranın daimi nümayəndəsi, səfir Əmir Səid İrəvani Baş katibə və Təhlükəsizlik Şurasının sədrinə məktub göndərib. O, ABŞ-nin qanunsuz hərəkətlərinin, o cümlədən İranın dəniz blokadasının açıq və birmənalı şəkildə qınanmasına çağırıb.

- ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton İranın münaqişənin nizamlanması ilə bağlı ABŞ təkliflərinə cavabını gözləyir.

“Bu gün hansısa vaxtda onlardan cavab gözləyirik... Ümid edirəm ki, bu ciddi təklif olacaq, mən həqiqətən buna ümid edirəm”, - deyə Rubio bildirib.

- ABŞ Prezidenti Donald Tramp NBC News telekanalına müsahibəsində İranla münaqişənin başa çatıb-çatmadığı barədə suala “Xeyr” cavabını verib.

“Hər şey vaxtı gələndə bitəcək. Amma biz şübhəsiz ki, hərbi qələbə qazanmışıq. İnsanları [İranda] mağaralardan çıxmağa və nəyisə imzalamağa məcbur etməliyik.

Biz faktiki olaraq Hörmüz boğazına nəzarət edirik. Və bu işi onların əlindən almışıq. İrana gəmilər çatmır”, - deyə o əlavə edib.

Onun fikrincə, münaqişənin dərhal başa çatmasından daha vacibi ABŞ üçün ən sərfəli sazişin bağlanmasıdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaxın-Şərq   ABŞ   İran  


Bizi "telegram"da izləyin