Ermənistanın Rusiyadakı səfiri: “XİN-in dəvəti ilə görüş keçirilib, onların səsləndirdiyi məsələləri dinləmişik”

2026/05/1778257911.jpg
Oxunub: 376     20:27     08 May 2026    
“Rusiya Xarici İşlər Nazirliyinin dəvəti ilə görüş keçirilib, onların səsləndirdiyi məsələləri və tezisləri dinləmişik, sonra isə bunları İrəvana çatdırmışıq”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın Rusiyadakı səfiri Qurqen Arsenyan Rusiyanın Xarici İşlər Nazirliyinin Ermənistan səfirini çağıraraq Ukrayna Prezidenti Volodimir Zelenskinin İrəvanda qəbul edilməsi ilə bağlı etirazını bildirməsi barədə məlumata münasibət bildirərkən deyib.

Rusiyanın bəzi KİV-lərinin məlumatına görə, Xarici İşlər Nazirliyində Ermənistan səfirinə Zelenskiyə İrəvanda platforma təqdim edilməsinin müttəfiqlik öhdəliklərinə zidd olduğu barədə mesajın çatdırılması ilə bağlı suala Arsenyan belə cavab verib: “Həmin mesaj Rusiya televiziya kanallarında səsləndirilib, Rusiya rəsmiləri tərəfindən buna bənzər müxtəlif açıqlamalar verilib”.

Erməni səfir detallarla bağlı Ermənistan Xarici İşlər Nazirliyinə müraciət etməyi tövsiyə edib.

Ermənistan-Rusiya münasibətlərinin bu hadisələr fonunda nə dərəcədə zərbə altında qalması ilə bağlı suala Arsenyan belə cavab verib: “Ermənistan-Rusiya münasibətləri son dövrdə olduğu səviyyədə qalır. Aprelin 1-də Baş nazirin Moskvaya səfəri Ermənistan-Rusiya münasibətlərinin bütün həcmini nümayiş etdirdi. Xatırlayırıq ki, Baş nazir həmin səfəri uğurlu və effektiv qiymətləndirmişdi, bu da mövcud vəziyyətin dəyərləndirilməsini özündə ehtiva edir”.

Səfərdən sonra, xüsusilə Baş nazirin müavini Overçukun iqtisadi nəticələrlə bağlı sərt açıqlamalar verdiyinin xatırladılması ilə bağlı erməni səfir bildirib: “Belə açıqlamalar olur. Ermənistanın Avropa İttifaqı ilə daha sıx münasibətlər qurmaq siyasəti ilə bağlı həmsöhbətlər arasında fərqli fikirlər mövcuddur”.

Bu ilin əvvəlindən Ermənistan-Rusiya ticarət dövriyyəsinin azalması barədə məlumatlara toxunan Arsenyan qeyd edib ki, ciddi azalma qeydə alınmayıb.

“Müəyyən məhsul qrupları üzrə ticarət artımı, digər məhsul qrupları üzrə isə azalma baş verir. Bu, Ermənistan və Rusiyada qəbul edilmiş bəzi qanunvericilik dəyişiklikləri ilə əlaqədardır. Lakin ciddi azalma yoxdur. İqtisadiyyatımızda müəyyən dəyişikliklər baş verir, bəzi imkanlar qüvvəyə minir, bəzi imkanlar isə aktiv iqtisadi fəaliyyət sahəsindən çıxır”, - deyə o bildirib.

Qarşıdan gələn seçkilərlə bağlı danışan Arsenyan deyib: “Mən Rusiya rəsmiləri ilə görüşlər zamanı həmişə deyirəm ki, səfir kimi hazırda iyunun 7-si barədə düşünmürəm, iyunun 8-i barədə düşünməyə başlayıram. Çünki iyunun 7-si keçəcək, Ermənistanda hakimiyyət formalaşacaq, münasibətlərimiz davam etməlidir və bu münasibətlərlə bağlı gündəliyimiz, iş yükümüz və fəaliyyətimiz normal qaydada davam etdirilməlidir”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin