“Deyirlər ki, Qarabağ bizimdir, bu, yalandır, bizim deyil” - Paşinyan

2026/05/1778257447.jpg
Oxunub: 438     20:14     08 May 2026    
“Uzun illər Ermənistan elə bir yolla aparılıb ki, bu yol ölkəni real dövlətçilikdən məhrum edib və onu xarici amillərin, eləcə də ərazi mübahisələrinin girovuna çevirib”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Zəngəzur vilayətinin Kornidzor kəndində “Vətəndaş Müqaviləsi” partiyasının seçkiqabağı təşviqat kampaniyası zamanı bildirib.

O, ilk prezidentdən başlayaraq ölkənin bütün siyasi irsini sərt şəkildə tənqid edib və yalnız 2018-ci ildən sonra respublika vətəndaşlarının öz torpaqlarının həqiqi sahibi və səs hüququna malik olduqlarını qeyd edib.

Ermənistanın Baş naziri xüsusilə ölkənin ilk prezidenti Levon Ter-Petrosyanın roluna toxunaraq onun siyasətinin əvvəldən yanlış olduğunu vurğulayıb.

“Levon Ter-Petrosyan – biz onu indiyə qədər birinci prezident adlandırırdıq, indi isə tarix və yanaşma dəyişib – həmin şəxs Ermənistanı elə bir tələyə salırdı ki, bizim dövlət olmaq şansımız qalmasın”, - deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, hazırkı siyasi rəqiblər məhz hakimiyyətin ölkəni həmin tarixi tələdən çıxarmağı bacardığı üçün qəzəbdən “çatlayırlar”.

Qarabağ məsələsinə toxunan Paşinyan həmin ərazilərin heç vaxt xalqa deyil, generalların ayrı-ayrı nümayəndələrinə məxsus olduğuna şübhə etdiyini bildirib. O qeyd edib ki, həmin torpaqlarda məktəblər, uşaq bağçaları və ya zavodlar tikilməyib, həmin ərazilərə “sahib olmaq” ideyası isə yalnız Ermənistanın suveren dövlət olmaması üçün istifadə olunub.

“Deyirlər ki, Qarabağ bizimdir, bu, yalandır, bizim deyil. Əslində Ermənistan bizim deyildi, indi isə bizimdir, çünki Ermənistanın sahibi sizsiniz”, - deyə Paşinyan vurğulayıb.

O əlavə edib ki, dövlətin əsl qələbəsi büdcə vəsaitlərinin artıq talan edilməməsi və vətəndaşların ehtiyaclarına xərclənməsidir.

Ermənistan Baş naziri hakimiyyətə qayıtmağa çalışan qüvvələrə də müraciət edərək seçiciləri pulla almağa və ya güc təzyiqi göstərməyə cəhd etməmələri barədə xəbərdarlıq edib.

O bildirib ki, ölkənin taleyini “qruplaşmaların” müəyyən etdiyi dövr artıq başa çatıb və bu gün yeganə qərarverici subyekt vətəndaşdır.

“Baş nazirin kim olacağını müəyyən etmək üçün siz kimsiniz? Kim düşünürsə ki, Ermənistan vətəndaşını 5000 drama almaq olar, onun üzünü sındıracaqlar”, - deyə Paşinyan bildirib.

O, ölkədəki mövcud vəziyyəti hər kəsin xalqın həqiqi gücünü görəcəyi “həqiqət anı” adlandırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin