Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hetq” nəşri məlumat yayıb.
“Ermənistan Respublikası 701” qeydiyyat nömrəli “Airbus” A319 ACJ tipli VIP bort, uçuşları onlayn izləyən platformaların məlumatına görə, mütəmadi olaraq texniki xidmət üçün xarici ölkələrə göndərilir. Ermənistanda belə işlərin görülməsi mümkün deyil.
Belə ki, 2020-ci il mayın ayında Ermənistanın dövlət bortu bu məqsədlə Praqada olub. Həmin ilin avqustunda təyyarə yeni rənglənmə üçün Çexiyanın Ostrava şəhərinə göndərilib. Bu proses dövlətə bir neçə on min avroya başa gəlib. Təyyarə yenidən texniki xidmət məqsədilə 2022-ci il aprelin 14-dən mayın 20-dək Praqada olub. 2025-ci ildə isə bort mayın 10-dan 29-dək Praqada yerləşib.
Bu bortun olmadığı vaxtlarda yüksəkrütbəli rəsmilər özəl daşıyıcıların xidmətindən istifadə edirlər, çünki “Airbus” A319 yeganə dövlət təyyarəsidir. Xüsusilə 2022 və 2025-ci illərdə Baş nazir Nikol Paşinyan belə vəziyyətlə üzləşib”, - deyə nəşr bildirib.
Nəşr qeyd edib ki, bu il Paşinyanın özəl operatorların xidmətinə ehtiyac duymayacağı ehtimal edilir.
“Çünki o, iyunun 7-də keçiriləcək parlament seçkilərinin təşviqat kampaniyasında iştirak etmək məqsədilə mayın 8-dən 27-dək və mayın 29-dan iyunun 5-dək məzuniyyətdə olacaq.
Bundan əvvəl prezident Vahaqn Xaçatryanın rəhbərlik etdiyi nümayəndə heyətinin martın 22-də Tbilisiyə dövlət təyyarəsi ilə deyil, iş adamı və hakim partiyadan olan deputat Xaçatur Sukiasyan ailəsinə məxsus “FlyOne Armenia” aviaşirkətinin “Gulfstream G450” tipli biznes jeti ilə uçduğu barədə məlumat yayılmışdı. Baş nazirin müavini Mher Qriqoryanın rəhbərlik etdiyi nümayəndə heyəti də həmin təyyarədən istifadə edib. Onlar martın 26-da Qazaxıstanın Şımkent şəhərinə uçub, ertəsi gün İrəvana qayıdıblar. Baş nazir müavininin nümayəndə heyətinə xidmət göstərilməsi üçün Ermənistan dövlət büdcəsindən “FlyOne Armenia” şirkətinə 28,6 milyon dram, yəni təxminən 77 min dollar ödənilib.
Bildirilirdi ki, bu uçuşlar həyata keçirilən zaman dövlətə məxsus “Airbus A319” İrəvanda park edilmiş vəziyyətdə olub. Prezident Aparatı və hökumət isə rəsmilərin niyə Sukiasyan ailəsinə məxsus şirkətin təyyarəsindən istifadə etdiyinə dair açıqlama verməyib.
1998-ci ildə istehsal olunan “Airbus” A319 ACJ təyyarəsi adi “Airbus” A319-un biznes sinfinə məxsus versiyasıdır və Ermənistanda 2007-ci ildən istismar edilir. Təyyarə dövlətə məxsusdur. 2018-ci ilə qədər prezident aparatının balansında olub, daha sonra Mülki Aviasiya Komitəsinə verilib”, - deyə “Hetq” yazıb.
Müəllifin sözlərinə görə, 2007-2013-cü illərdə təyyarəni “Armavia”, 2013-2014-cü illərdə “Air Armenia”, 2014-2023-cü illərdə Mülki Aviasiya Komitəsinə tabe olan “Aviasiya Tədris Mərkəzi” dövlət QSC-si, 2023-cü ilin sentyabrından isə “FlyOne Armenia” şirkəti istismar edib.
“Baş naziri daşıyan uçuşlar FIE4001, prezidenti daşıyanlar FIE4002, digər yüksəkrütbəli rəsmiləri daşıyan uçuşlar isə FIE4003 kodu ilə nömrələnir. FIE “FlyOne Armenia”nın beynəlxalq ICAO kodudur, rəqəm isə uçuşun hansı vəzifəli şəxs üçün həyata keçirildiyini göstərir.
Texniki uçuşlar isə başqa nömrələrlə qeyd olunur. 2025-ci ilin may ayında həyata keçirilən İrəvan-Praqa və Praqa-İrəvan uçuşları FIE4041 nömrəsini daşıyıb. Bu dəfə İrəvan-Sofiya uçuşuna FIE4011 nömrəsi verilib”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az