Erməni siyasi şərhçi: “Zelenski 44 günlük müharibə zamanı Kiyevdə Azərbaycan bayraqları asdırırdı”

2026/05/1778225314.jpg
Oxunub: 499     19:21     08 May 2026    
Mayın 4-5-də Ermənistanda keçirilən Avropa Siyasi Birliyinin 8-ci sammiti həm daxili, həm də xarici siyasi gündəm baxımından Nikol Paşinyan üçün mühüm hadisəyə çevrilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşrin məlumatına görə, sammitdə 40-dan çox dövlətin və beynəlxalq təşkilatın rəhbərləri iştirak ediblər.

Erməni siyasi şərhçi Armen Hovasapyan “Past” qəzetinə müsahibəsində bildirib ki, bu tədbirin həm daxili, həm də xarici profili var idi.

Onun sözlərinə görə, tədbirin daxili məqsədi Nikol Paşinyana yenidən özünü təsdiqləmək və cəmiyyətdə yeni siyasi dividendlər toplamaq imkanı yaratmaq idi.

“Bu, elektoratın qərarsız hissəsini öz tərəfinə yönəltmək üçün bir vasitə idi. Digər tərəfdən, Paşinyanın bütün məsələlər üzrə olduqca qarışıq və ziddiyyətli yanaşmaları var. Sol əli sağ əlinin nə etdiyini bilmir və bu da onun qeyri-sabit, tərəddüdlü biri olduğunu göstərir. Avropalı “canavarlar” üçün isə bu, öz gündəmlərini mümkün qədər tez yaymaq baxımından əsl hədiyyədir”, - deyə Hovasapyan bildirib.

O qeyd edib ki, Ermənistan Qərb üçün yeni platformadır və onlar əvvəllər burada belə görüntülər əldə edə bilməmişdilər.

“Onlar küçələrdə gəzir, insanlarla ünsiyyət qururdular. Moldova, Ukrayna, müəyyən müddət əvvəl isə Gürcüstanda belə səhnələr yarada bilirdilər, amma Ermənistan onlar üçün bu baxımdan yenilik idi. Müxtəlif ölkələrin nümayəndə heyətləri kifayət qədər təmsilçi idi. Onlar öz gündəmlərini Ermənistana gətirdilər və mesajlarını buradan müvafiq xarici mərkəzlərə yönəltdilər. Mesaj belə idi ki, Ermənistan bizimlədir, bizim dostumuzdur və yanımızda dayanır”, - deyə erməni siyasi şərhçi vurğulayıb.

O, Ukrayna Prezidenti Volodimir Zelenskinin və Belarus müxalifət nümayəndəsi Svetlana Tixanovskayanın Ermənistanda olmasını xüsusi qeyd edib.

“Sonuncunu Ermənistana çağırırlar ki, gəlib hansısa mövzuda mühazirə oxusun. Təbii ki, onun tezislərinin əsas vurğusu anti-Rusiya mövqeyi idi. Ermənistanın əli ilə Rusiyaya belə mesajlar göndərildi. Bu iki şəxs sözün əsl mənasında Rusiya üçün düşməndir. Ermənistan rəhbərliyi isə göstərir ki, bu insanlar onun üçün qəbulolunandır”, - deyə Hovasapyan bildirib.

Erməni siyasi şərhçi qeyd edib ki, Zelenski 44 günlük müharibə zamanı Kiyevdə Azərbaycan bayraqları asdırır, Ukrayna platformalarında İlham Əliyevin videolarını yayır və Qarabağda baş verənlərdən ruhlanırdı.

“Beş-altı il keçib, amma həmin adamın institusional yaddaşı yoxdur ki, geriyə baxıb hansı yolu keçdiyini dəyərləndirsin. Mayın 4-5-də bunun klassik əksini gördük - erməni xalqının qısa yaddaşını”, - deyə o bildirib.

Hovasapyan vurğulayıb ki, Paşinyan bu sammit vasitəsilə öz seçicilərinə mesaj göndərib.

“Bu onun üçün dönüş nöqtəsi və son dərəcə vacib idi. O, öz elektoratına göstərdi ki, Ermənistanın siyasi meydanının ‘güclü oğlanı’dır, nə istəsə edə bilər və yanında Ursula fon der Lyayen, Antoniu Koşta, Emmanuel Makron kimi şəxslər dayanır”, - deyə o qeyd edib.

Müsahibədə Azərbaycan Prezidenti İlham Əliyevin videobağlantı vasitəsilə çıxışına da toxunulub.

“İlham Əliyev kifayət qədər sərt bəyanatlar verirdi və söhbəti yenidən Azərbaycan gündəminə yönəldərək Bakıda saxlanılan şəxsləri separatçı adlandırırdı. O, çıxışını bitirdi və Ermənistanda ona alqışladılar”, - deyə Hovasapyan bildirib.

Hovasapyan Fransa Prezidenti Emmanuel Makronun “2018-ci ilə qədər Avropa liderlərinin Ermənistana səfər edə bilmədiyi” barədə bəyanatını da ciddi tənqid edib.

“Bu bəyanat həmin şəxsin nə qədər qeyri-ciddi olduğunu göstərir. O, nüvə dövlətinin rəhbəridir, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransanın prezidentidir. Şarl de Qoll, Fransua Mitteran, Napoleon Bonapart kimi tarixi fiqurlar yetişdirmiş xalqı bu gün Makron təmsil edir və belə cəfəngiyyatlar danışır. O bilmirmi ki, Fransanın üç prezidenti Jak Şirak, Fransua Olland və Nikola Sarkozi hakimiyyət illərində Ermənistana səfər ediblər?” - deyə o bildirib.

Müsahibədə son səkkiz ildə Avropa ölkələrinin Ermənistana maliyyə yardımı ilə bağlı çoxsaylı vədlərinə də toxunulub.

“Paşinyan ilk dəfə Brüsselə gedəndə geri qayıdıb hava limanında 250 milyon avroluq Avropa dəstəyindən danışırdı. Səkkiz il keçib, amma həmin dəstəyin nəticəsini ölkəmizdə hər hansı layihə və ya proses şəklində görməmişik. ABŞ-nin 320 milyon dollarlıq yardımı barədə də danışılırdı, amma ondan da xəbər yoxdur”, - deyə Hovasapyan bildirib.

Onun fikrincə, həmin yardım proqramları daha çox daxili gündəm və seçkiqabağı məqsədlər üçün istifadə olunur.

“Deyirlər ki, Ermənistan hibrid müharibələrə qarşı mübarizə aparmalıdır. Halbuki bu gün həmin hibrid müharibəni elə onların özü həyata keçirir, Ermənistanın daxili siyasi gündəminə birbaşa müdaxilə edirlər. Avropa rəsmiləri açıq şəkildə Paşinyanı dəstəkləyirlər. Bu, ikiüzlülük və əxlaqsız davranışdır”, - deyə o vurğulayıb.

Hovasapyan bildirib ki, Qərb regionda bütün siyasətini Türkiyə vasitəsilə həyata keçirəcək.

“Qərbin regiondakı yeganə emissarı Türkiyədir. Təsadüfi deyil ki, Serdar Kılıç da Ermənistanda idi və deyirdi ki, özümü evimdəki kimi hiss edirəm, Ruben Rubinyanla eyni düşüncə və dəyərləri paylaşırıq. Məncə, o, səmimi idi. Kılıç təcrübəli diplomatdır və təsadüfi heç nə demir”, - deyə o bildirib.

Erməni siyasi şərhçi sonda qeyd edib ki, imzalanan sənədlər yalnız prosesin zahiri tərəfidir, əsas proses isə daha dərin təbəqələrdə gedir.

“Ermənistan vətəndaşı ya bunu həqiqətən anlamır, ya da reallıqdan tamamilə qopub. İnsanlar Paşinyanın yenidən hakimiyyətə gəlməsinin hansı nəticələrə, hansı strateji qlobal fəlakətlərə və tarixi biabırçılıqlara səbəb ola biləcəyini dərk etmirlər”, - deyə Hovasapyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hovasapyan  


Bizi "telegram"da izləyin