“Past”: Paşinyan mitinqlərdən yayınır

2026/05/1778223124.jpg
Oxunub: 482     17:51     08 May 2026    
Ermənistanın Baş naziri Nikol Paşinyanın seçki kampaniyası çərçivəsində yalnız bir neçə böyük şəhərdə mitinq keçirəcəyi iddia olunur.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Paşinyan mitinqlərdən yayınır” başlıqlı məqaləsində yazıb.

Məqalədə bildirilib ki, sabah rəsmi seçkiqabağı təşviqat başlayır və Paşinyan mayın 8-9-da Zəngəzur vilayətində olacaq.

“Paşinyan “Facebook” səhifəsində paylaşdığı videoda “Vətəndaş Müqaviləsi” partiyasının səfər cədvəlini təqdim edib. Həmin cədvələ əsasən, onlar mayın 8-də Qorayk, Angeğakot, Bırnakot, Sisian, Kornidzor, Tex, Xndzoresk, Gorus və Şinuhayr yaşayış məntəqələrinə səfər edəcəklər.

Növbəti gün isə Ağarak, Mehri və Qacarana gedəcək, axşam isə Qapan şəhərindəki Qaregin Njde meydanında böyük mitinq keçirəcəklər”, - deyə müəllif vurğulayıb.

Məqalədə qeyd olunub ki, ilk baxışdan Paşinyanın parlament seçkiləri dövründə ciddi ictimai fəallıq nümayiş etdirməyə çalışdığı təsiri yarana bilər.

“Lakin o, bütün Zəngəzurda iki gün ərzində yalnız bir mitinq keçirəcək. Qafanda lazımi iştirakın təmin olunması üçün bütün inzibati resurslar işə salınıb. Hətta qonşu vilayətlərdən insanları avtomobil və avtobuslarla Qafana gətirəcəklər ki, meydanda izdiham görüntüsü yaradılsın”, - deyə nəşr qeyd edib.

“Past” bildirib ki, Paşinyan mayın 8-də Gorusda da mitinq keçirə bilərdi, lakin bundan imtina edib.

“Onlar sadəcə tərəfdar qrupları ilə şəhərdə gəzəcək və Zəngəzurda yaxşı qarşılandıqları görüntüsünü yaratmağa çalışacaqlar. Lakin inzibati resurs iki günlük mitinq üçün kifayət etməyib”, - deyə nəşr qeyd edib.

Məqalədə iddia olunub ki, Paşinyan bütün seçki kampaniyası ərzində yalnız bir neçə böyük şəhərdə, İcevan, Vanadzor, Gümrü, Armavir və Hrazdanda mitinqlər keçirəcək.

“Kampaniyanın sonunda isə İrəvanda daha bir mitinq təşkil olunacaq. Beləliklə, mövcud hakimiyyət mümkün qədər az resurs cəlb etməyə çalışır. Problem pulda deyil, imkanlarda və eyni zamanda böyük səs-küy yaratmamaq istəyindədir. Bununla belə, aydındır ki, Paşinyan bu şəraitdə belə mitinqlərinə ciddi iştirak təmin edə bilməyəcək və bu da hakimiyyət üçün əsas uğursuzluq faktorlarından birinə çevrilə bilər”, - deyə məqalədə vurğulanıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin