“168.am”: 44 günlük müharibədə Azərbaycanın qələbəsinə kömək edən, 210 milyon avroluq müqavilə imzalayan Slovakiya işğalçı Ermənistana silah satacaqmı?

2026/05/1778145678.jpg
Oxunub: 545     20:56     08 May 2026    
“Polşaya rəsmi səfəri çərçivəsində Ermənistanın müdafiə naziri Suren Papikyan mayın 5-də Varşavada Slovakiyanın baş nazirinin müavini və müdafiə naziri Robert Kalinyakla da görüşüb. O da “Defence24 Days” konfransında iştirak edib”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “44 günlük müharibədə Azərbaycanın qələbəsinə kömək edən, 210 milyon avroluq müqavilə imzalayan Slovakiya işğalçı Ermənistana silah satacaqmı?” başlıqlı məqaləsində yazıb.

Nəşrə görə, görüş zamanı Ermənistan-Slovakiya müdafiə əməkdaşlığı ilə bağlı məsələlər müzakirə olunub, qarşılıqlı fəaliyyət perspektivlərinə toxunulub.

“Tərəflər hərbi təhsil, peşəkar təcrübə mübadiləsi, təlimlər və hərbi-texniki əməkdaşlıq istiqamətlərinin vacibliyini vurğulayıblar, yaxın vaxtlarda əməkdaşlığa praktiki xarakter verilməsi ilə bağlı razılıq əldə olunub.

Qeyd edək ki, 2024-cü ildə də Slovakiyanın baş nazirinin müavini və müdafiə naziri Robert Kalinyakla Bratislavada keçirilən IDEB-2024 müdafiə sərgisi çərçivəsində müdafiə nazirinin müavini Karen Brutyan görüşmüşdü. Həmin görüşdə Ermənistan-Slovakiya hərbi-texniki və hərbi-texnoloji əməkdaşlığı ilə bağlı məsələlər müzakirə edilmiş, bir sıra razılaşmalar əldə olunmuşdu.

Konkret olaraq hansı hərbi-texniki əməkdaşlıqdan söhbət getdiyini, bunun hansı səviyyədə və keyfiyyətdə olacağını, ümumiyyətlə Ermənistanın Slovakiya ilə əldə etdiyi hərbi-texniki razılaşmaları nə dərəcədə praktik müstəviyə keçirə biləcəyini zaman göstərəcək. Nəhayət, söhbət Azərbaycanla çoxdan strateji münasibətlərə malik olan bir ölkədən və rəsmidən gedir.

2025-ci ildə biz yazmışdıq ki, İlham Əliyev Slovakiyadan avtomatik artilleriya sistemləri almaq niyyətindədir və təkcə bunlar deyil. Artıq bu il isə Slovakiya ilə Azərbaycanın böyük müqavilə imzaladığını qeyd etdik. Söhbət 210 milyon avro dəyərində çərçivə sazişindən gedir ki, bununla SAM-120 avtomatik minaatanları tədarük olunacaq. Slovakiyanın müdafiə naziri Robert Kalinyak bildirib ki, ilk tədarük partiyası razılaşdırılıb və bu, 96 minaatanı əhatə edir”, - deyə müəllif vurğulayıb.

Nəşr qeyd edib ki, bundan əlavə, Azərbaycan və Slovakiya özüyeriyən artilleriya qurğuları və sursat istehsalı sahəsində əməkdaşlıq etmək barədə razılığa gəliblər.

“Texnologiyalar Slovakiyadan, maliyyə vəsaitləri isə Azərbaycandan olacaq. Yəni İlham Əliyevin də dediyi kimi, söhbət Slovakiya texnologiyaları ilə Azərbaycanın maliyyə imkanlarının birləşdirilməsi nəticəsində dünya bazarlarını da maraqlandıra biləcək yeni məhsulun yaradılmasından gedir.

Qeyd edək ki, müxtəlif məlumatlara görə, Çexiya istehsalı olan “Dana” özüyeriyən haubitsaları və RM-70 yaylım atəşli reaktiv sistemləri Slovakiyadan İsrailə, oradan isə Azərbaycana çatdırılıb və 44 günlük müharibədə istifadə olunub. Üstəlik, bununla bağlı Ermənistan tərəfi tərəfindən Slovakiya və Çexiyaya 2020-ci il müharibəsindən əvvəl müxtəlif səviyyələrdə xəbərdarlıqlar edilmişdi və biz bu barədə ətraflı yazmışdıq.

Bu səbəbdən müəyyən mənada Slovakiyanın baş nazir müavini və müdafiə naziri Robert Kalinyakın Bakıda 44 günlük müharibədə Azərbaycanın qələbəsinin 5-ci ildönümünə həsr olunan hərbi paradda iştirakı qanunauyğun görünür. Yayılan fotolarda fəxri qonaqlar sırasında Slovakiyanın keçmiş xarici işlər naziri Miroslav Layçak da görünürdü. O da Azərbaycanın silahlandırılmasında böyük rol oynayan şəxslərdəndir”, - deyə məqalədə bildirilib.

Nəşr yazıb ki, Robert Kalinyak 2006-2010 və 2012-2018-ci illərdə Slovakiyanın daxili işlər naziri və baş nazir müavini olub. 2023-cü ildən isə Slovakiyanın müdafiə naziri və baş nazir müavinidir.

“Xatırladaq ki, 2025-ci ildə “Hetq” yazmışdı ki, Slovakiyanın müdafiə naziri Robert Kalinyak yerli TA3 televiziya kanalına verdiyi müsahibələrdə iki dəfə Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyini bəyan edib.

Bu bəyanatlardan sonra Slovakiyanın baş naziri Robert Fitso rəsmi səfərlə Ermənistana gəlmişdi. Lakin Nikol Paşinyanın onunla görüş zamanı bu məsələ ilə bağlı narazılığını ifadə edib-etmədiyi məlum deyil. Əvəzində məlum olan budur ki, Kalinyakın Ermənistanı Azərbaycan ərazilərini işğal etməkdə ittiham etməsindən sonra ən azı iki ay ərzində Paşinyan hökuməti tərəfindən nə izahat verilib, nə açıqlama olunub, nə də Slovakiyaya etiraz notası göndərilib.

Və indi sadəlövhlük olardı ki, bir ildən çox vaxt keçəndən sonra Ermənistanın müdafiə naziri Suren Papikyanla bu məsələ müzakirə olunub. Slovakiya-Ermənistan hərbi-texniki əməkdaşlığının nə dərəcədə uğurlu olacağını isə zaman göstərəcək”, - deyə “168.am” bildirib.

Müəllif qeyd edib ki, Azərbaycan Slovakiya ilə əməkdaşlıq modeli əsasında Çexiya ilə də hərbi-texniki əməkdaşlığa başlayıb.

“Əlavə edək ki, mayın 5-də İtaliyanın baş naziri Corcia Meloni İrəvandan Bakıya yollanmışdı və İlham Əliyevlə danışıqların gündəmində müdafiə və təhlükəsizlik sahəsi də olub. İlham Əliyevlə birgə mətbuat konfransı zamanı Meloni müdafiə və təhlükəsizliyi Bakı ilə əməkdaşlığın ən vacib istiqamətlərindən biri adlandırıb. Xüsusilə aerokosmik sənaye, dəniz təhlükəsizliyi, kritik infrastrukturun qorunması və İtaliyanın nailiyyətlər əldə etdiyi qabaqcıl texnologiyalar sahəsində əməkdaşlıq vurğulanıb.

“Biz sənaye sistemləri arasında əməkdaşlığın bilik mübadiləsinə və birgə inkişaflara gətirib çıxardığı modeli təklif edirik”, - deyə Meloni vurğulayıb.

İlham Əliyev də İtaliya ilə hərbi-texniki əməkdaşlığı perspektivli hesab edib: “Birgə layihələrin həyata keçirilməsi, birgə istehsalın təşkil edilməsi, İtaliya texnologiyalarının Azərbaycan maliyyə vəsaitinin birləşməsi ilə əlaqədar konkret fikirlərimiz var”, - deyə nəşr yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan   Slovakiya  


Bizi "telegram"da izləyin