“Past”: Ermənistan Belarusla münasibətləri birdəfəlik korlayır

2026/04/1775489688.jpg
Oxunub: 400     20:16     08 May 2026    
Ermənistan Belarusla münasibətləri birdəfəlik korlayır.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Ermənistan Belarusla münasibətləri birdəfəlik korlayır” başlıqlı məqaləsində yazıb.

Nəşrə görə, Avropa Siyasi Birliyi sammitinə Belarus müxalifətinin lideri Svetlana Tixanovskayanın dəvət olunması, müxtəlif, o cümlədən dövlət KİV-lərində onun müsahibələrinin təşkil edilməsi, həmçinin İrəvandan səslənən bəyanatlar rəsmi Minsk tərəfindən cavabsız qala bilməzdi.

“Ötən gün Belarus Xarici İşlər Nazirliyi Belarusdakı Ermənistanın müvəqqəti işlər vəkili Artur Sarkisyanı çağıraraq ona “qeyri-dost addımlar”la bağlı etiraz notası təqdim edib.

Belarus tərəfinin narazılığına səbəb Ermənistan parlamentinin sədri Alen Simonyanın son bəyanatları olub. O bildirmişdi ki, Ermənistan “Belarus kimi idarə olunmamalıdır”, - deyə nəşr bildirib.

Müəllif yazıb ki, Belarus Xarici İşlər Nazirliyi bu bəyanatları “seçki populizmi” və daxili problemlərdən diqqəti yayındırmaq cəhdi kimi qiymətləndirib.

“Belarusun xarici siyasət idarəsi həmçinin vurğulayıb ki, ölkə Rusiya ilə müttəfiqlik münasibətlərini özü müəyyən edir və xarici müdaxiləni qəbul etmir.

Simonyan isə nə sözlərini təkzib edib, nə də düzəliş verib, əksinə, bu gün həmin fikirləri yenidən təkrarlayıb. “Mən hesab edirəm ki, Ermənistanın, KTMT-də tərəfdaşın və Ermənistan dövlətçiliyinin hörmətsizliyi münasibətləri korlayır”, - deyə o bildirib.

Ermənistan parlamentinin sədri vurğulayıb ki, siyasi kurs hər bir dövlətin seçim məsələsidir. “Ermənistan üçün insan hüquqları və azadlıqları ən vacib dəyərlərdir və mən hesab edirəm ki, hər dövlət öz nümunəsini seçir. Biz Ermənistanın demokratikləşməsi yolunu seçmişik”, - deyə Simonyan bildirib.

İrəvan və Minsk arasında münasibətlər 2024-cü ildə Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana səfərindən və onun Qarabağdakı 44 günlük müharibə ilə bağlı açıqlamalarından sonra ciddi şəkildə pisləşib. Həmin vaxt Baş nazir Nikol Paşinyan bəyan etmişdi ki, Lukaşenko hakimiyyətdə olduğu müddətdə heç bir erməni rəsmi Minskə səfər etməyəcək”, - deyə məqalədə qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Belarus  


Bizi "telegram"da izləyin