Erməni siyasi analitik: “Aİ-dən milyonlarla avro alan insanlar Rusiyadan 70 milyon rubl məbləğində idxal barədə hayqırırlar”

2026/05/1778139409.jpg
Oxunub: 369     18:36     08 May 2026    
“Bir neçə gün əvvəl hava limanında Ermənistana bəyan edilməmiş şəkildə Rus rublunun idxalı faktının aşkar edildiyi barədə məlumat yayılıb. Söhbət təxminən 70 milyon rubl nağd puldan gedir”.

Ordu.az xəbər verir ki, bu barədə erməni siyasi analitik Hakob Badalyan Ernmənistan Dövlət Gəlirləri Komitəsinin açıqlamasından sonra yayılan şərhlərə cavab olaraq yazıb.

“Ondan sonra nə baş verdi? Bu hadisəni, belə demək mümkünsə, vətəndaş-ekspert dairələri “ovlayıb” və onu guya Ermənistanda müxalif qüvvələrin Rusiyadan pul gətirib seçki rüşvəti paylamasına dəlil kimi yaymağa başladılar. Burada gülməli nədir? Gülməli olan odur ki, Avropa İttifaqından müxtəlif qrant proqramları vasitəsilə səxavətlə, ildə milyonlarla avro maliyyə alan insanlar Rusiyadan 70 milyon rubl nağd idxalı barədə hayqırır və bunu guya müxalifətin seçki rüşvəti ilə bağlı “əsaslı şübhə” kimi təqdim edirlər. Halbuki 70 milyon rubl hətta 1 milyon avro da etmir”, - deyə o, Ermənistan Dövlət Gəlirləri Komitəsinin açıqlamasından sonra yayılan şərhlərə cavabında bildirib.

Badalyan qeyd edib ki, bununla da Avropa İttifaqından ildə milyonlarla avro alan insanlar Rusiyadan 1 milyon avrodan da az məbləğdə rubl idxalı faktı ilə bağlı hayqırırlar.

“Üstəlik, ortada tamamilə heç bir fakt və ya əsas yoxdur ki, həmin pulu müxalifət gətirib və seçki rüşvəti paylayıb. Həmin pul ilə müxalifət arasında bağlılığın heç bir dəlili yoxdur, fakt isə demirəm.

Bundan başqa, məlumdur ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar səbəbindən Rusiyadan bank köçürmələri xeyli çətinləşib. Moskva da daxildə maliyyə hərəkətlərinə nəzarəti sərtləşdirib, buna dair komissiyaları və ya vergiləri artırıb. Bunun nəticəsində Rusiyada işləyən, biznes quran çoxlu sayda insan köçürmə çətinliyi ilə üzləşir və bundan yayınmaq üçün rublu sadəcə nağd şəkildə gətirmək variantına müraciət edə bilər. Üstəlik, bəyan etsələr, heç bir problem olmaz. Problem bəyan etməməkdə yarana bilər.

Amma baxın, konkret bir hal, son dərəcə nadir hal və bununla bağlı müxalifətə qarşı heç bir əsaslandırma və faktoloji baza olmadan belə bir təbliğat kampaniyası aparılır. Və bu kampaniyanı Avropa İttifaqının proqramları ilə açıq şəkildə maliyyələşən insanlar həyata keçirirlər”, - deyə o qeyd edib.

Badalyan bildirib ki, bu məsələdə Baqrat Srbazanının Tavus aksiyaları dövründə həmin dairələrdən birinin yaydığı yalan məlumatı xatırlatmaq lazımdır.

“Həmin məlumatda iddia edilirdi ki, Tavusdakı mübadilə məntəqələrində o günlərdə böyük miqdarda Rusiya rublu dəyişdirilib. Bu saxta məlumat Baqrat Srbazanın təşəbbüsünü guya rusiyayönümlü göstərmək və gözdən salmaq üçün yayılırdı. Sonradan ictimai xadimlərdən biri, hazırda “Hamıya Qarşıyam” partiyasında yer alan Mikayel Nahapetyan dövlət məlumatlarına əsaslanan dəqiq faktlarla bu saxtakarlığı ifşa etmişdi”, - deyə o yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Badalyan  


Bizi "telegram"da izləyin