Türkiyənin xüsusi nümayəndəsi: “Hazırda baş verənlər Ermənistanla münasibətlərin normallaşdırılması prosesi deyil”

2024/03/2ca2f-1709288965.jpg
Oxunub: 428     16:46     05 May 2026    
Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç bildirib ki, hazırda gedən proses münasibətlərin normallaşdırılması deyil, etimadın möhkəmləndirilməsi prosesidir.

Ordu.az xəbər verir ki, o, bu barədə 2026-cı il mayın 5-də İrəvanda keçirilən “İrəvan Dialoqu-2026” beynəlxalq konfransında çıxışı zamanı danışıb.

“Biz Türkiyə-Ermənistan münasibətlərini normallaşdırmırıq. Bu, normallaşdırma prosesi deyil, etimadın möhkəmləndirilməsi prosesidir. Biz etimadı gücləndirməyə çalışırıq ki, iki ölkə arasında münasibətlərin tam normallaşdırılmasına aparacaq hərtərəfli addımlar ata bilək”, - deyə Kılıç bildirib.

O qeyd edib ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması və ya etimadın möhkəmləndirilməsi proseslərini regionda nəqliyyat infrastrukturunun inkişafına yönəlmiş ümumi səylərdən ayırmaq olmaz.

“Biz yalnız nəqliyyat və ya dəmir yolları ilə məhdudlaşmamalıyıq. Daha vacib sahələr var ki, orada səylərimizi artırmalıyıq. Mən internet bağlantısını nəzərdə tuturam. Nəqliyyat, hava əlaqələri də çox vacibdir. Qeyd etdiyim kimi, regionda sülh və sabitliyin təmin olunması üçün daha geniş baxışa ehtiyac var”, - deyə o vurğulayıb.

Kılıç regionda nəqliyyat əlçatanlığı, sülh və sabitliyin təmin olunması məsələlərinə daha geniş yanaşmanın zəruriliyini qeyd edib.

“Əlbəttə, bu məsələdə kimin təşəbbüs göstərməli olduğu və üçüncü ölkələrin də ideyalar irəli sürməli olub-olmaması barədə öz fikirlərim var. Lakin ümumilikdə hesab edirəm ki, münasibətlərin möhkəmləndirilməsi və inkişafı, həmçinin regionda uzunmüddətli və dayanıqlı sülh və sabitliyin təmin olunması ilə bağlı bütün ideyalar məhz regionun daxilində formalaşmalıdır”, - deyə Kılıç əlavə edib.

Türkiyənin xüsusi nümayəndəsi əlavə edib ki, çox səmimi mühitdədir və bütün proses boyu Ermənistan tərəfindən nümayiş etdirilən dostluq və açıqlıq konstruktiv həllərin tapılmasına kömək edib.

“Bəzi təkliflərlə bağlı Ermənistan tərəfinin ardıcıllığı ilə bağlı müəyyən suallarım olsa da, ümumilikdə böyük iş görülüb. Biz uzun yol keçmişik”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Ermənistan   Kılıç  


Bizi "telegram"da izləyin